RU

ABŞ-nin İranın nüvə ehtiyatlarını ələ keçirməsi çox çətin məsələdir - Polkovnik

Xarici mediada yayılan iddialara görə, ABŞ kəşfiyyatı İranın zənginləşdirilmiş nüvə ehtiyatlarını ələ keçirmək məqsədilə xüsusi əməliyyat qrupu göndərməyi nəzərdən keçirir. İddialara əsasən, həmin qrupun məqsədi bu ehtiyatları gizli şəkildə ələ keçirməkdir.

Belə bir əməliyyatın həyata keçirilməsi nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı Redaktor.az-la fikirlərini bölüşən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Amerika kəşfiyyatı çox şey istəyə bilər:

"Amma onu da unutmayaq ki, bu müharibə zənginləşdirilmiş uran və nüvə texnologiyasına görə aparılır. Ona görə də İran özü üçün lazım olan tədbirləri görüb. Əlbəttə ki, Amerika kəşfiyyatı və Amerika rəhbərliyi buna cəhd edə bilər. Mənə elə gəlir ki, bu, çox çətin və demək olar ki, mümkünsüz bir işdir. Üstəlik, onu əldə edib İran ərazisindən çıxarmaq da elə asan deyil. Həm keçən il baş verən 12 günlük savaş zamanı, həm də indi İran bəzi qabaqlayıcı addımlar atıb. Daha etibarlı və necə deyərlər, güvənli yerlərdə bu zənginləşdirilmiş, çəkisi o qədər də çox olmayan uranın qorunması üçün İran bütün mümkün variantlardan istifadə edib. Əlbəttə ki, bunun Amerika üçün mühüm əhəmiyyət daşıdığını və həm də şərəf məsələsi olduğunu çox gözəl bilirik".

Müsahibimiz hesab edir ki, belə bir hadisənin baş verməsinə İran heç bir halda imkan verməz:

"Amerika ilə İran arasında təkcə silahlı müharibə getmir, eyni zamanda tərəflər arasında informasiya müharibəsi də davam edir. Bunu açıq şəkildə görürük. Tərəflər biri digərinin imkanlarını zəif göstərmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Amma hesab edirəm ki, İranın zənginləşdirilmiş uranını ələ keçirmək çox çətindir. Bunun üçün yerüstü quru əməliyyatları həyata keçirmək lazımdır. Buna isə Tramp və onun komandası heç vaxt risk etməz. Çünki onlar bilirlər ki, ora quru əməliyyatlarına göndərilən şəxsi heyət dərhal İranın Qüds və SEPAH qüvvələri tərəfindən məhv edilər. Ona görə də bunun mümkünlüyünü demək olar ki, sıfıra yaxın ehtimal kimi dəyərləndirirəm".

Nuriyyə NATİQQIZI

Избранный
79
50
redaktor.az

10Источники