RU

Sözün fəzasi Xalq yazıçısı Anarın yeni yaşına təbrik əvəzi

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəsti Əlibəyli

Anar 60-cı illər Azərbaycan ədəbiyyatı və nəsrinin  ən tanınmış  ismlərindəndir. Bu, mübahisəsiz faktdır. Çoxsaylı dram əsərləri, kinossenariləri, rejisssorluq fəaliyyəti ilə, teatr və kinomuza verdiyi dəyərli töhfələri ilə Anar həm də müasir mədəniyyətimizin, hər yerdən görünən faktıdır.

Ədibin yaradıcılığı haqqında saysız ədəbi-tənqidi məqalələr, onlarca monoqrafiyalar, doktorluq dissertasiyaları yazılıb. Yazılıb, amma bu yazılanların əksəri onun bədii yaradıcılığı barəsində olduğu üçün tam sayıla bilməz.

Məsələ bundadır ki, bədii yaradıcılığa başladığı illərdən yazıçı ədəbi prosesin dəyərləndirilməsində də fəal iştirak etməyə başlayıb. Yəni, “Ağ liman”, “Dantenin yubileyi”,  “Macal”, “Əlaqə”,  “Yaxşı padşahın nağılı”, “Otel otağı”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”,  “Kərəm kimi”, “Ağ qoç, qara qoç”povest və romanları, “Dədə Qorqud”, “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”, “Cavid ömrü”, “Üzeyir ömrü”, “Sübhün səfiri” bədii-sənədli filmləri ilə birgə, Anar ədəbi tənqid sahəsində də geniş fəaliyyət göstərərək böyük bir irs qoyub ortaya. Lakin uzun illər şəxsi arxivdə yığılıb qalan və  yalnız son dövrlərdə kitab şəklində üzə çıxması səbəbindən, bu irs hələlik tam şəkildə öyrənilməmişdir.

Həcmi üç min səhifəni aşan, üç cildi ümumi Azərbaycan ədəbiyyatı, bir cildi ədəbi mühit, münasibətlər, son cildi isə teatr, kino və mədəniyyətin digər sahələrini əhatələyən  “Söz dünyası” adlı beş seriyalı nəhəng bir kitab. Belə bir kitabı oxuyub, bir məqalə çərçivəsində dəyərləndirmək, təbii ki, imkansızdır. Bu səbəbdən, hələlik ədibin tənqid fəaliyyətində mühüm yer tutan bir neçə məqaləsi üzərində dayanmaq istərdik.

***

Milli ədəbiyyatımızın ana kitabı olan “Kitabi-Dədə Qorqud” eposu üzərində elmi araşdırmalar Azərbaycanda ötən əsrin otuzuncu illərindən başlayır və 50-ci illərdə dastan üzərindən yasaqlar qaldırılandan sonra yenidən intensivləşir. Anarın “Dədə Qorqud dünyası” adlı ədəbi və elmi-populyar məqaləsi ikinci dövrdə yazılan, xəlqiliyi, kütləvi təsir dairəsi  ilə çox populyarlıq qazanan araşdırmalardandır.

Həcmi (70 kitab səhifəsi), səviyyəsi və çox geniş əhatə dairəsi ilə bir tədqiqat əsəri səviyyəsində olan bu monumental məqaləni dastan üzərində böyük xidmətləri olan görkəmli qorqudşünas alimlərin (H. Araslı, Ə, Abid, Ə. Sultanlı, Ə.Dəmirçizadə və s.) akademik tədqiqatları ilə müqayisələndirmədən, ədəbiyyat camiəsində də Anar kimi görkəmli bir qorqudşünasın var olduğunu qeyd etmək istəyirik. Çünki ümumtürk ədəbiyyatının, Oğuz türklərinin yeganə və ortaq yazılı abidəsinin elmi, etnoqrafik, linqivistik tədqiqatlar, müqayisəli etnomədəni araşdırmalarla yaxından öyrənilməsində Azərbaycan elmi ilə birgə Azərbaycan ədəbiyyatı, tanınmış ziyalılar da yaxından iştirak etmişdir.

Öncə qeyd edək ki, eposla bağlı fəaliyyət Anar yaradıcılığının prioritet istiqamətlərindəndir və bu missiyanı fərqli formalarda uzun illər davam etdirmişdir. İlk yerdə şəksiz ki, onun  “Dədə Qorqud” kino-povesti (1972) və ssenarisi ilə çəkilən eyniadlı bədii filmi  (1975) dayanır. 

Mürəkkəb semantikalı dastanın ədəbi mif sükutundan çıxıb xəlqiləşməsində və cəmiyyət tərəfindən mənimsənilib doğmalaşmasında böyük rol oynayan çox qiymətli əsərlərdən biri də ədibin “Dədə Qorqud dünyası” (1985) araşdırmasıdır.

Elmi və mədəni səviyyələrdə böyük rezonans yaradan, illərcə gündəmdə qalıb geniş müzakirələrə səbəb olan, dili, populyar üslubu, əhatəliliyi ilə ən çox oxunub, istinad edilən “Dədə Qorqud dünyası” heç bir dəyər qeyb etmədən bu gün də əhəmiyyətini, aktuallığını qoruyub saxlamaqdadır. Nədir bunun səbəbi? Əlbət ki, əsərin kampaniya,

direktiv kimi dövri səciyyəli intonasiyalardan yüksəkdə dayanan zamansızlığı, ədəbi strategiyanın tarixilik, elmilik, faktoloji və vicdani meyarlarla düzgün izlənməsi.

Dünya şərqşünaslığında türk xalqlarının ortaq yazılı abidəsi kimi qriflənən eposun həqiqi müəllifi kimdir və bu kitab Oğuz dil qrupundan olan qardaş xalqlardan daha çox hansına aiddir?

“Dədə Qorqud dünyası”nın iki əsas hədəfindən biri bu məsələdir.

Qeyd edilməlidir ki, Anarın ədəbi-publisistik fəaliyyətinin şah əsəri olan bu araşdırma dastanın hər iki nüsxəsi (Drezden və Vatikan nüsxələri) daxil olmaqla, istifadə edilən ədəbiyyatın,elmi-tədqiqat əsərləri və məqalələrin, isnad edilən mənbələrin çoxluğu ilə də onun ədəbi yönlü bütün yazılarından başda dayanır. Eyni zamanda, dastanda Azərbaycanla bağlı adı keçən ərazilərdə şəxsi araşdırmalar, etnoqrafik, toponomik incələmələr,leksik müqayisələr, folklor ədəbiyyatı (nağıllar, qəhrəmanlıq dastanları, ata sözləri, bayatılar, alğışlar, qarğışlar, adqoymalar, yuğlamalar...), milli adət-ənənələr üzərindən geniş, əhatəli təhlillər, şərhlər... Bir sözlə, titanik əmək, mütaliə və axtarışla ortaya qoyulan təkzibolunmaz həqiqət: 

“Azərbaycan ədəbiyyatının Ana kitabı Dədə Qorqud dastanıdır (“Söz dünyası” birinci cild, səh.161)

Ədəbiyyatımızın ana kitabı! Müəllifin qarşıya qoyduğu iki hədəfdən biri və hətta ən əsası da budur; erkən tarixi dövrdə yaranmış bir dastanın mənsubiyyətini araşdırıb üzə çıxarmaqla, milli ədəbiyyatımızın başlanğıc tarixini müəyyənləşdirmək və ona sahib çıxmaqdır.

Çünki “Kitabi- Dədə Qorqud ” kimi möhtəşəm bir ədəbi başlanğıc olmadan “Oğuznamə”, “İskəndərnamə”,  “Şah İsmayıl”, “Koroğlu” və digər qəhrəmanlıq dastanları havadan yarana bilməzdi. Eləcə də, orta əsrlər poeziyamızın dühaları; Nəsimi, Füzuli, Xətai və digərləri.

Təbii ki, ədəbiyyat kənartəsirlə - mütaliə, ustad dərsləri və təlimlə də yarana bilər. Şərq şeirində belə örnəklər də çoxdur. Bəs ruh? Təsir, təlim insanın ruhunu, qan yaddaşını da dəyişdirə bilərmi? Məsələn, edam ayağında, diri-diri dərisi soyularkən “Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,gər, bu miskin aşiqi sərpa soyarlar, ağrımaz” -

deyən Nəsiminin dini cəhalətə üsyan edib, ölümə meydan oxuması, ancaq Nəimi və Həllac Mənsur kimi mürşidlərdən aldığı hürufi təliminə,təsəvvüf düşüncəsinəmi bağlıdır? Bəs şairin bu cür cəsur, meydangir duruşunda ”Ana, başındakı qırx qız mənim ətimdən bir tikə yeyincə, sən iki tikə ye ki, mərə kafirlər səni tanıyıb babam Qazan xanın namusunu tapdamasınlar - (“Kitabi-Dədə Qorqud” dastanı, Qazan xanın evinin yağmalanması boyu) deyən Buğacla Nəsiminin eyni yüksəkliyi bölüşməsində gen,qan bağının rolu yoxmu? Yaxud, “Ölməzdən ön ölmək gərək, varub onda ölməz ola”- deyən şah və şair Xətai ilə bir qoşuna dəng gələn İç Oğuz bəylərbəyi Qazan xan ruh qardaşı deyilmi?!

Mütləq ki, belədir. “Kitabi- Dədə Qorqud” Azərbaycan ədəbiyyatının, xalqımızın yaradıcı dühasının ən böyük və ilkin ifadəsidir” ( “Dədə Qorqud dünyası”,  səh.163). Bu qədim epos anadilli ədəbiyyatımızın ilk başlanğıcıdır və milli poeziyamız, xüsusən də orta əsrlər şerimizin görkəmli simaları, İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Həbibi, Məhəmməd Füzuli və digərləri də eyni başlanğıcdan süzülüb gəlir.

Haşiyə: Məqalələri oxuduqca yazılma tarixləri diqqət çəkir; bəlli olur ki, “Dədə Qorqud dünyası”(1985-ci il, mart-aprel).

 “Şairin zəfəri” (1985, dekabr) və “Şairin kədəri”(1985, dekabr) eyni ildə yazılıb. Təkcə Nəsimiyə həsr edilən “Şairin hünəri” məqaləsi tarix etibarı ilə 1976-cı ilə aiddir. Aydındır ki, bu da 70-ci illərdə Nəsimi divanının İraqdan Azərbaycana gətirilməsi və nəsimişünaslıqda yeni mərhələnin başlanması ilə bağlıdır. Kitabda təqdim edilən  xronoloji ardıcıllıqla  oxunduqda, bu məqalənin də anadilli ədəbiyyatımıza sistemli baxışın tərkib hissəsi kimi, bir məqsədə xidmət etdiyi aydın olur.

***

“Dədə Qorqud dünyası”ndan sonra Anarın ədəbiyyatımız üçün gördüyü  qiymətli işlərdən biri də Nəsimi, Xətai və Füzuli haqqında yazdığı sözügedən məqalələrdir. Milli poeziyamızın təkrarsız dühalarının yaradıcılığı timsalında ədəbiyyatımızın erkən və orta əsrlər dövrü arasındakı ədəbi bağların mərhələli şəkildə araşdırıldığı məqalələr ədəbi tənqidimiz üçün də əvəzsis örnəklərdir.

Sual oluna bilər; bu məqalələr klassik ədəbiyyatımız, eləcə də, Nəsimi, Xətai, Füzuli yaradıcılığı ilə bağlı çoxsaylı akademik araşdırmalardan hansı özəllikləri ilə fərqlənir?

Əsasən dil, üslub, sənətkarlıq xüsusiyyətləri, ədəbi təmayül və digər ədəbiyyatşünaslıq məsələlərinin öyrənildiyi akademik tədqiqatlar bəlli bir plan-prospektə, çərçivələrə, elmi qaydalara tabedir. Anarın “Şairin hünəri”, “Şairin zəfəri” və “Şairin kədəri” araşdırmaları isə monoqrafik səciyyəli olduğu üçün, elmi tədqiqatlarda ötəri toxunulan şəxsiyyət, ədəbi kişilik, sənətkarın təkcə yaradıcılığı ilə deyil. həm də bir fərd kimi mövcud ədəbi mühitə və gələcək proseslərə, cəmiyyətin mənəvi, ideoloji düşüncəsinə, tarixə təsiri barəsində geniş ümumiləşdirmə imkanları verir.

Məsələn, Nəsimidən, Xətai və Füzulidən bəhs edərkən, ədib həm də, cəmiyyətin düşüncəsinə, mənəvi yaddaşına transformasiya olunaraq çoxalıb yayılan Nəsimilik, Xətailik və Füzulilikdən bəhs edir.

Anarın baxışında, Nəsimi Avropa Renessans dövrünün Servantes, Şekspir, Lope de Veqa kimi dühaları ilə bir sırada dayanan, inkivizisiya ilə, dini cəhalətlə ölümünə mübarizə aparan, qaranlıqları aydınladan cəsur bir qəhrəmandır. Nəsiminin qüdrəti təkcə Nəimi, Həllac Mənsur kimi böyük hürufilərin fikir və ideyalarını yaymasında deyil. Həm də:

“Daimi ənəlhəqq söylərəm, həqdən çü Mənsur olmuşam,

 Kimdir məni bərdar edən, bu şəhrə Mənsur olmuşam”

- deyibən, dərs aldığı pirlərin  şəxsiyyətini, taleyini, qətl qəhrəmanlığını tərənnüm edərək öz aqibətinə doğru hünərlə getməsindədir:

“Nəsiminin edamı, onun qətlqabağı cəsarəti şairin adını Şərqdə daha da şöhrətləndirdi - Nəsiminin üç cəhətinə - şairliyinə, filosofluğuna, hürufi təbliğatçılığına dördüncü bir cəhəti - şəhidliyi də əlavə olundu. Azərbaycanda yaranmış hürufilik az bir zamanda bütün İslam Şərqinə yayıldı və bunun əsas səbəblərindən birini Nəsiminin qəhrəman ömrü və qəhərəman ölümündə görmək gərəkir...Nəsiminin bir hünəri də ondadır ki, o, Azərbaycan dilində nəfis divan yaratmış böyük şairimizdir. Şəxsiyyət və sənətkar kimi Nəsimi başqa Şərq ədəbiyyatlarına da güclü təsir göstərmişdir” (səh.364-365).

Bu kiçik iqtibasdan da göründüyü kimi, araşdırmaçı Nəsimini həm qüdrətli bir şair, həm də şeirləri ilə hürufi ideyalarını yayan, lakin nə  bu ideyaların çərçivəsinə, nə də ölümünə sığmayan bir fədai və Nəsimidən keçərək Azərbaycan - Şərq şeirində Nəsimiliyə çevrilən Yol kimi təqdim edir. Lirik şeirlərində eşqi, məhəbbəti, təsəvvüf şeirlərində azadlıq ideyalarını tərənnüm edən, qatı, ortodoksal İslam ehkamlarına qarşı çıxan Nəsiminin şair hünəri də elə bundadır.

Sənətkar və şəxsiyyət, tarixi şərait və mənəvi- ideoloji daşıyıcılıq paralellərini ədib Şah İsmayıl Xətai yaradıcılığına həsr etdiyi “Şairin zəfəri” məqaləsində də  davam etdirir. Hürufi ideyalarını sözlə, şeirlə yayan Nəsimidən daha şanslıdır Xətai. Çünki onun bir əlində qələm, bir əlində kəskin qılınc, hakimiyyət var və siyasi ideyalarını həyata keçirmək üçün şeirdən ideoloji silah kimi ustalıqla istifadə edir.

Şeirlərinin ideoloji yönü və təmiz ana dilində yazması ilə Xətai orta əsrlərin hökmdar şairlərindən (Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Sultan Yəqub, Sulan Səlim və s.) də  çox fərqlənir.

“Yolumuz incədir, incədən incə, bu yolda baş vermək ərkanımızdır”, - deyən Xətainin yolu babalarının başlatdığı, fərqli məfkurə və ideologiyaya malik bir şiə dövləti qurub Azərbaycanı öz hakimiyyəti altında birləşdirmək yolu idi.  “Səfər qıl, dur, oturma, ey Xətai, ki, şəhri-Ərdəbildə bir xanədan var”- deyərək yola çıxdı və 1501-ci ildə Bakını, ardınca Təbrizi fəth edərək xəyallarında qurduğu böyük Azərbaycan dövlətini həqiqətdə qurdu. Tarixdə ikinci belə bir fenomen hökmdar yoxdur ki, quracağı dövlətin ideologiyasını şeirlə yayıb, qılıncla zəfərini tamamlamış olsun.

Təbii ki, Xətai yaradıcılığı təkcə ideoloji şeirlərdən ibarət deyil. Xətai həm də bənzərsiz, incə, lirik şeirlərin, “Dəhnamə” kimi möhtəşəm bir məhəbbət poemasının müəllifidir. Bütün Şərq şerini yüz illər öz təsirində saxlayaraq, lirik poeziyanın unukal örnəklərini yaradan Nəsimi də onun kimi.

Bəs orta əsrlər şerimizin iki böyük dühasının yaradıcılığındakı məfkurəvi, ideoloji yönün ön planda təqdim edilməsi nədəndir?  Bu, bir tərəfdən, tarixi gerçəkliyə riayət etməkdir, bir tərəfdən də müəllif mövqeyinin təzahürüdür. Bədii yaradıcılıq nə qədər sənət zövqünə xidmət etsə də, sənətkar, xüsusən də cəmiyyətin şüuruna təsir edə bilən böyük sənətkarlar müəyyən sosial-ictimai, bəzən də Xətai kimi, dövlətin vəkası üçün ideoloji gücə, mənəviyyata sahib olmalıdır. Çünki azadlıq, sərbəst özünüifadə, haqq, ədalət, hətta Xətai nümunəsində gördüyümüz dövlətçilik ideyaları da çox zaman ədəbiyyatdan, sənətdən daşınır cəmiyyətə. Həllac Mənsur, Nəimi, Nəsimi zəkası və insani iradəsinin işığında aydınlanır bir çox qaranlıqlar. Böyük, ideyalı ədəbiyyat gələcək ədəbi proseslərə güclü təsir etdiyi qədər də, gələcəyin insanına, cəmiyyətinə təsir edir; oyandırır və ya yatızdırır, əzmkar edir və ya məzlumlaşdırıb taleyə boyun əyməyi təlqin edir. Bu yerdə ədəbiyyatımızda tənqidi realizmin banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının söylədiyi “Füzuli Azərbaycan poeziyasını üç yüz il geri salıb öz əsarətində saxladı”- fikirləri yada düşür. Buna görə uzun illər tənqid edilən ədiblərin heç biri Füzulinin müqtədir şairlik qüdrətini inkar etmirdi əslində. Füzulinin həzin, kədərli, çarəsiz və ovsunlayıcı lirikasının ədəbiyyatı əsarətə almasından və cəmiyyətin əhvalını motivasiya etməsindən söz edirdi onlar. Elə Sabirin satiraları ilə İran inqilabına bir ordu qədər xidmət etməsi, Mirzə Cəlilin felyetonları və “Molla Nəsrəddin” jurnalı ilə cəmiyyəti qatı qəflət yuxusundan oyatması ilə bağlı deyilən fikirlər də yaradıcı dühanın ədəbiyyatla yanaşı, cəmiyyətə də təsir etməsinin dolayı təsdiqidir.

Bənzər fikirlər zaman-zaman özgə xalqların ədəbiyyatları barəsində də səslənir. Məsələn, Rus poeziyasına  Lermontov Puşkindən, ingilis poeziyasına lord Bayron Şekspirdən öncə gəlsəydi, nə olardı? Və yaxud, Azərbaycan şeirində Xətai ilə Füzuli yerini dəyişsə, ədəbiyyatda və cəmiyyətdə necə mənzərə yaranardı?

“Şairin hünəri”, “Şairin zəfəri” məqalələrində Nəsimi ilə Xətainin yaradıcılığına daha çox onların daşıyıcı olduqları məfkurəvi ideyalar işığında baxan Anar da həmin həqiqətə varmış olur. Və bu həqiqəti Füzuliyə həsr etdiyi “Füzulinin kədəri” məqaləsinin elə  ilk cümlələrində  vurğulayır:

“Şairi dövr yetişdirir- məlum həqiqətdir. Amma dövrün də siması müəyyən mənada şairdən asılıdır.” (səh.399)

Bu o demək deyil ki, Anar klassik şerimizin əbədiyaşar nəhəngi Füzulini ictimai ideyalar daşıyan Nəsimidən, Xətaidən az sevib, az dəyərləndirir; “Füzulidən sonra Yaxın və orta Şərq ölkələrinin heç birində onun səviyyəsində şair yetişməmişdir...Öz dövründə Füzuli Azərbaycandilli şeirin elə imkanlarını və ecazlarını kəşf etdi ki. ondan sonra heç kəs geri dönüb o uçurumdan atılmadı, yəni, ədəbiyyatımızda fars və ərəb dillərində yazıb-yaratmağa bir ehtiyac qalmadı...(səh.406)

Nizamini özünə müəllim hesab edən, Xaqani, Əmir Xosrov Dəhləvi, Cami, Nəvai kimi şairlərin adlarını hörmətlə çəkən, Nəsimidən təsirlənən, “Bəngü-badə” əsərini Şah İsmayıl Xətaiyə həsr edən və Azərbaycan şeir ölçüsü olmayan əruz vəznində qəzəlin ən kamil örnəklərini yaradan Füzulini Anar bütün Orta əsrlər şerinin güldəstəsi kimi dəyərləndirir. Lakin bu fikri də söyləməkdən çəkinmir ki;

“Məndən Füzuli, istəmə əşarü mədhü zəmin,

Mən aşiqəm, həmişə sözüm də aşiqanədir” -

deyən Füzulini nə Nəsimidəki ekzistensial təlimlər, nə Xətaidəki dini və siyasi ideologiya maraqlandırmır, yalnız dil, poetika kimi nəzəri məsələlərə və məhəbbət lirikasına köklənərək dövrün simasını dəyişdirmək yükümlülüyündən kənar durur. Kim bilir, bəlkə də bu gücsüzlükdən, biganəlikdən daha çox təsəvvüf təlimindəki “incitməmək və inciməmək” dərsindən qaynaqlanır. Hansı ki, bu dərs Yunus Əmrənin

Dərviş könülsüz gərəkdir,

“Söyənə dilsiz gərəkdir,

 Döyənə əlsiz gərəkdir” -

deyimində də açıq şəkildə ifadəsini tapmışdır. Bəlkə Füzulinin böyük kədəri də yalnız əlçatmaz, metafizik eşqlə deyil, bizlərə biganəlik kimi görünən dərvişanə baxışı ilə,- “əlsiz, dilsiz, səssiz” olması ilə bağlıdır.

Təbii ki, bütün bunlar milli poeziya nəhənginin ədəbi qüdrətinə qətiyyən kölgə salmır və təkzibolunmaz faktdır ki, “Azərbaycan əruzunun orta əsrlərdə ən parlaq, ən dahiyanə nümunələri Füzulinin adıyla bağlıdır.”(yenə orada)

Tanrısal bir istedadla yazıb-yaradan Füzuli bütün zamanların dahisidir. Fəqət, dahilərin dahiliyinin bir tərəfinin böyük ideyalara bağlılığı da bir həqiqətdir.    

Anar böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında da “Nizami bizimlədir, burdadır” adlı dəyərli bir məqalə yazmışdır. Lakin onun erkən və orta əsrlər araşdırmaları, əsasən anadilli ədəbiyyat üzrə sistemləşdiyindən, biz də bu məqaləyə toxunmadan, ədibin tənqid yaradıcılığının  və “Söz dünyası”nın fəzasını təşkil edən “Dədə Qorqud dünyası”, “Şairin hünəri”, “Şairin zəfəri”  və “Şairin kədəri” məqalələri ətrafında eskiz qeydlərimizi bölüşməklə kifayətlənirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
525.az

1Источники