RU

Həmid Herisçi Təbrizdən yazır: Əcəl zəngi nin sədaları...

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Globalinfo.az yazıçı-jurnalist Həmid Herisçinin Təbriz gündəliyindən bir parçanı dərc edir.

Yazını redaksiyaya H.Herisçinin həyat yoldaşı, tanınmış jurnalist, tele-aparıcı İlhamiyyə Rza təqdim edib:

“Təbrizdə tarix həmişə onlayn rejimdə olub.

Xaqani, Xətai, Saib, Sabir, Məmmədəmin duyublar bu tarixi həmişə səndə.

Kandarında üzlərini bu al torpağına sürtüblər.

Təbrizin torpağı həqiqətən al rənglidir. Fədai qanı rəngindədir, yaxud Fədai qanından bu rəngdədir?

Sual, diksindirir məni indi.

ABŞ təyyarədaşıyan gəmiləri körfəzə yaxınlaşdıqca, qəribədir, təbiət, səma özü sanki…

Nə isə..

Cümləmi özünüz bitirin.

Təbrizdə yarımçıq cümlələri hələ çox eşidib, məcbur qalıb onları özünüz bitirəcəksiniz.

Səməd Behrənginin yarımçıq cümlələrini bitirməli olacaqsız, Xətainin. Səttərxanın.

Təbrizin bu axşamı necə gözəldir, Allah.

Ətraf dağların rəngi aldı.

Günəş qürub etdikcə bu al rəng xüsusən tündləşir,

bütün şəhəri öz təsiri, sirri altına alıb suallar doğurur məndə:

– Təkcə mənmi duyuram Təbrizin bu rəssam firçasını?

Yoxsa, tək mən deyil, çoxları bu valehedici mənzərədən təsirlənərək, gözəl əməllərə doğru tələsir?

Orucluqdu həm də.

Novruz da addımlarını sürətləndirir hər an.

Trampın hədələri də qatışıb bu gözəlliyə?

Yoxsa, kənarda qalıb kimsəni düşündürmür?

Şəhidmi olum burda, bu daim anonslanan, ancaq reallığa dönməyən əzələ nümayişində?

Yox.

Mən Ernest Hemenqueyi olacam bu əsəb savaşının.

“Əcəl zəngi”nin sədaları hələ eşidilməzdi Təbrizdə.

Qulaq istəyir ki, eşitsin bu qərib musiqini bu gözəllik içində.

Yaşa Təbriz.

Ən təhlükəli, ən həlledici məqamında yetişdim dərgahına.

Tək deyilsən.

Bakı, ən azı mənim simamda səninlədi.

Gücümüz buna catdı…

Bakısız görmə özünü.

Mən ki gəlmişəm necə ki Şəhriyar qayıtdı Tehrandan…

Mən də qayıtdım.

Bu soyuq müharibədə smartfonum həm diktafondu, həm fotoaparatdır – açıqdı bütün bu şanlı tarix üçün.

Peykanliya xoş gəldik!

Gün batdıqca kölgələr, dağ zirvələri iti qılınca dönür üzərində.

Sonra üzərinə çökərək səni tən ortadan ikiyə bölür, şaqqalayır sanki.

Təsəvvürümdəki məcazi edam səhnəsi istəməzdim tam reallığa dönsün. Bu təlatüm qoy ancaq axşam mənzərələrində yaşansın. Çalış reallığın bu axşam boyalarından fərqli olsun, bir də uzun kölgələrindən”.

Həmid Herisçi

Təbriz

Qeyd: Yazı ABŞ və İsrailin İrana hücumundan əvvəl qələmə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
globalinfo.az

1Источники