RU

"Azərbaycan hər zaman ehtiyacı olana yardım əlini uzadır" -Deputat

"Azərbaycan hər zaman humanizm, həmrəylik və beynəlxalq məsuliyyət prinsiplərinə sadiq dövlət kimi çıxış edib. Bu gün də ölkəmizin həyata keçirdiyi humanitar siyasət həmin prinsiplərin real təzahürüdür. Məhz bu siyasətin davamı olaraq Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığı ilə İran İslam Respublikasına 30 tona yaxın humanitar yardımın göndərilməsi mühüm humanist addım kimi qiymətləndirilməlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycanın İrana humanitar yardım etməsindən danışarkən bildirdi.

Millət vəkili əlavə etdi ki, bu yardım yalnız humanitar dəstək deyil, eyni zamanda regionda qarşılıqlı hörmətə, humanizmə və çətin anlarda bir-birinə yardım etmə ənənəsinə verilən böyük töhfədir.

"Azərbaycan dövləti hər zaman sübut edib ki, humanitar məsələlər siyasi mülahizələrdən üstün tutulmalıdır. İnsan həyatının qorunması, çətin vəziyyətdə olan insanlara yardım göstərilməsi dövlətimizin əsas dəyərlərindən biridir. Azərbaycanın müxtəlif ölkələrə humanitar yardım göndərməsi artıq bir ənənəyə çevrilib. Təbii fəlakətlər, humanitar böhranlar və fövqəladə vəziyyətlər zamanı Azərbaycan dəfələrlə operativ şəkildə yardım göstərərək beynəlxalq həmrəyliyin nümunəsini nümayiş etdirib. Bu dəfə İran xalqına göndərilən humanitar yük də məhz bu siyasətin davamıdır".

Müsahibimizin fikrincə, həyata keçirilən humanitar diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir:

"Çünki dövlətimizin mövqeyi aydındır: harada insan faciəsi, çətinlik və ehtiyac varsa, Azərbaycan imkanları çərçivəsində yardım əlini uzatmağa hazırdır. Bu addım həm də regionda humanizm və qarşılıqlı dəstək mühitinin güclənməsinə xidmət edir. Azərbaycan bir daha göstərir ki, qonşuluq münasibətlərində əsas dəyər insan amilidir. Beləliklə, İrana göndərilən humanitar yardım Azərbaycanın humanist siyasətinin, məsuliyyətli dövlət mövqeyinin və yüksək mənəvi dəyərlərə sadiqliyinin növbəti təzahürü kimi tarixə düşür".

Xədicə BAXIŞLI

Избранный
18
1
redaktor.az

2Источники