Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampın dəvəti ilə ötən ilin avqustun 8-də Vaşinqtona işgüzar səfəri diplomatiyamızın parlaq siyasi triumfu kimi tarixə düşüb. Çünki məhz bu səfər çərçivəsində imzalanan sənədlər regionda sülhün və sabitliyin təmin olunmasına, Azərbaycan ərazilərinin inteqrasiyası və kommunikasiyaların açılmasına təkan verib. Xüsusilə davamlı sülhün iqtisadi bünövrəsini yaradacaq, ölkəmizin eksklavı olan Naxçıvana maneəsiz keçidi təmin edəcək, eyni zamanda, Asiya ilə Avropanı birləşdirən multimodal logistika xəttini yaradacaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), yəni Zəngəzur dəhlizi ilə bağlı məsələnin reallaşması istiqamətində atılan addımlar bölgəyə yeni nəfəs verməkdədir. Bu mənada demək olar ki, Vaşinqton Zirvə Görüşü 30 illik Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasına gətirib çıxarıb və yeni sabitlik, təhlükəsizlik və rifah dövrünü açıb.
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə tarixi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nı isə iki dövlətin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatması kimi dəyərləndirmək olar. ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin başlanğıcını qoyan, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə güclü dəstək verən, Cənubi Qafqazda sülh prosesinə müsbət təsir göstərən, ölkəmizin həm regionda, həm də dünyada qlobal aktor olduğunu bir daha sübut edən bu sənəd rəsmi olaraq ikitərəfli münasibətləri görünməmiş bir səviyyəyə qaldırıb.
Bu proses bütün sahələrdə özünü göstərməkdədir. Martın 11-də ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda ABŞ ticarət katibinin sənaye və təhlükəsizlik üzrə müavini Ceffri Kesslerin bildirildiyi kimi, son bir ildə ABŞ-ın Azərbaycana ixracı 54 faiz artıb. Həmin tədbirdə, həmçinin vurğulanıb ki, mövcud iqtisadi əlaqələr səviyyəsi hələ də ölkələrimiz arasında potensialı tam əks etdirmir. Bu isə iki ölkə arasında münasibətlərin daha dərin iqtisadi əməkdaşlığa və uzunmüddətli strateji tərəfdaşlığa çevrilməsindən, həm də zaman ötdükcə münasibətlərin daha da yüksək səviyyəyə qalxacağından xəbər verir. Bütün bunlar həm də rəsmi Vaşinqtonun Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində çox maraqlı olması deməkdir. Şübhəsiz, bu da Prezident İlham Əliyevin ən böyük uğurlarından biri sayılmalıdır. Yeri gəlmişkən qeyd edək ki, Donald Tramp müxtəlif platformalardakı çıxışlarında Prezident İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirib. Hətta onu böyük lider adlandırıb. Bəli, bu gün özünün yeni inkişaf dövrünü yaşayan Azərbaycan Prezident İlham Əliyevin simasında etibarlı tərəfdaş kimi tanınmaqdadır.
Halbuki Bayden Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Bu məqamda Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibəsindəki aşağıdakı sözləri xatırlatmaq yerinə düşər: “ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”. Bəli, həmin illər artıq Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində tarixə qovuşub. Bütün bunlar isə o deməkdir ki, Vaşinqton və Bakı arasındakı strateji bağlar möhkəmləndikcə Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqlar sarsılmaz xarakter alacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”