RU

Sözün işığına sığınan ömür İlhamə Nasir Seyran Səxavətdən yazdı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Həmişə böyük müəlliflərin əsərlərini oxuyanda haldan hala düşmüşəm. Sanki adama başqa bir şüur sirayət edir. Qarışıq hisslər beynini yorur: heyrət, qısqanclıq, heyranlıq, bir az da ümidsizlik. Öz-özünə danışırsan: İlahi, müəllif bunu necə yazıb? Bu ideyaları haradan tapıb? Görəsən, ona bu fikirləri kimsə pıçıldayıb? Günün hansı vaxtında yazıb? Səhərin nurundamı, yoxsa gecənin qaranlığındamı? Hansı qələmdən istifadə edib?..

Bəzən də düşünürsən ki, yox, onları Allah fərqli yaradıb. Yəqin ki, onların içində başqa bir işıq var - fövqəl insanlardırlar. Təbii ki, bu cür yanaşma, belə düşüncələr daha çox ədəbiyyat adamlarına xas ola bilər. Adi oxucu əsəri oxuyur, təsirlənir və kitabı bağlayır. Amma ədəbiyyat adamı nə kitabı oxuyarkən rahatlaşa bilir, nə də onu bağlayandan sonra. Mətni dönə-dönə söküb-yığır, cümlənin içindəki mexanizmi görmək, hissin necə qurulduğunu anlamaq istəyir. Çox güman ki, içindəki ehtiyacı axtarır - yaratmaq, yazmaq, yazı bacarığını böyütmək ehtiyacını.

Bir tərəfdən də qəribə narahatlıq keçirir: Belə böyük müəlliflərə baxıb özünü kiçik hiss etmək.

Mənim üçün o böyük müəlliflərdən biri də Seyran Səxavətdir. Bu hissləri illər əvvəl onun "Daş evlər"ini oxuyanda keçirmişdim. Yazı üslubu, canlı dili və insan psixologiyasına dərin nüfuzu, hər cümləsinin mənalı bir fikir daşıması məni heyrətə gətirmişdi. Dili sadə və axıcı olsa da, bu sadəliyin arxasında güclü bədii müşahidə və incə psixoloji təsvir dayanmışdı. Əsərdə milli ruhu qoruyub saxlamaqla yanaşı müasir düşüncə tərzini də ustalıqla əks etdirmişdi. Ümumiyyətlə, onun qələmindən çıxan bütün əsərləri mənə eyni təsiri bağışlayıb. Əsərlərində həyat bütün çalarları ilə görünür: sevinc və kədər, ümid və ümidsizlik, gülüş və düşüncə. Bu əsərləri oxuyan hər kəs orada özündən bir parça tapır. Çünki Seyran Səxavətin yaratdığı obrazlar həyatdan gəlir, həyati danışır, həyati düşünür.

Seyran Səxavətlə dəfələrlə eyni tədbirlərdə iştirak etmişəm. Həmin məclislərdə diqqətim çox vaxt onda olurdu. Fikir verirdim, sakit və düşüncəli bir müşahidəçi kimi təmkinlə iştirakçıları bir-bir nəzərdən keçirirdi. Onun baxışlarında qəribə bir diqqət, bir axtarış hiss olunurdu. Mənə elə gəlirdi ki, o, qarşısındakı insanlara sadəcə baxmır, gələcək əsərlərinin qəhrəmanlarını kiminsə simasında axtarır.

Bəzən ona yaxınlaşıb öz yaradıcılığımla bağlı söhbət etmək istəmişəm. İçimdə sözlər də olub, suallar da, amma nədənsə buna cürət etməmişəm. Yazıçılıq məsuliyyətinin yükü mənə həmişə ağır gəlib.

Yadımdadır, bir dəfə Yazıçılar Birliyində keçirilən tədbirə getmişdim. Dəhlizdə Qulu Ağsəslə rastlaşdıq. "Ulduz" jurnalında çap olunan hekayəmdən danışdı. Otağının qapısı açıq olduğundan söhbəti Seyran Səxavət də eşitdi. Dəhlizə çıxıb kim olduğumu, nə yazdığımı soruşdu. Utandım, yazıçı olduğumu, jurnalda hekayəmin çap olunduğunu deməyə cəsarət etmədim. Eləcə tədbirə gəldiyimi dedim.

Düzdür, mənim romanım, hekayələrim oxucular, eyni zamanda ədəbiyyatçılar tərəfindən bəyənilsə də, bu məni qane etməyib. Bir ustad yanaşmasına, böyük müəllif təhlilinə ehtiyac duymuşam.

Bir gün dostumun təkidi ilə yeni çapdan çıxmış kitabımı götürüb, Yazıçılar Birliyinə üz tutdum. Əlim titrəyə-titrəyə kitabı Seyran Səxavətin masasının üzərinə qoydum. Seyran müəllim bir qədər üzümə baxdı və soruşdu:

- Bu nədir?

- Xahiş edirəm, bunu oxuyun, - dedim.

Arxa tərəfində, döşəmənin üstündə qalaqlanmış kitabları göstərib söylədi:

- Görürsən buranı? Kitab qəbiristanlığıdır. Bu kitabın orda olmağını istəmirsənsə, əvvəl mənə kiçik bir hekayəni göndər, oxuyum.

Evə gəlib elektron poçtuna hekayəmi göndərdim. Heç universitetə qəbul üçün imtahan verəndə belə həyəcan keçirməmişdim. Axşama yaxın mənə zəng gəldi. Səsindən tanıdım. Seyran Səxavət idi. Ürəyim necə döyündüsə, az qala sinəmi deşib çıxacaqdı.

Xəttin o başından:

- Bilirsən nə düşünürəm? Mənə görəsən nə olub? Axı, mən həssas adamam. Necə olub ki, səni qarşımda görəndə, yazıçı olduğunu anlaya bilməmişəm? Ay bala, sənin hekayən məni haldan hala saldı, tüklərim biz-biz oldu. O gözəllikdə hekayə olar? O cür ustalıqla yazmaq olar? Sən doğurdan da yazıçısan, həm də əsl yazıçı. Kitabını mütləq gətir, oxuyacağam, - dedi.

İlahi, bu nə xoşbəxtlik idi mən yaşadım? Seyran Səxavət - böyük müəllif, böyük ustad bəyəndi yazımı! İlahi, demək mən ədəbiyyatdayam, mən irəliləməliyəm!

Beləliklə mən daha da irəlilədim. Qatıldığım müsabiqələrdə birinci yerə qədər gəlib çıxdım.

Araşdırdıqca öyrəndim ki, o, yalnız öz əsərləri ilə deyil, həm də istedadlı qələm sahiblərinə göstərdiyi diqqət və qayğı ilə tanınan yazıçıdır. Öz təcrübəsini bölüşərək, gənclərə ədəbiyyatın incə yollarını anlamağa kömək edir və onların yaradıcılıq potensialını üzə çıxarmağa çalışır. Hətta gənc yazarların ilk addımlarını diqqətlə izləyir, onları ruhlandırır və ədəbi mühitdə öz yerlərini tapmaları üçün dəstək verir. Onun sözləri və tövsiyələri şəxsən mənim yaradıcılığım üçün yeni üfüqlər açıb.

O, yalnız bir yazıçı kimi deyil, həm də ədəbiyyatın davamlılığını təmin edən, yeni nəslin formalaşmasına töhfə verən bir müəllimdir. Bəzən elə adamlar olur ki, onların sənəti böyüdükcə şəxsiyyəti kiçilir. Lakin Seyran Səxavət bu baxımdan xoşbəxt sənətkarlardandır ki, onda sənət və şəxsiyyət vəhdət təşkil edir. Sözləri necə səmimidirsə, insanlığı da elədir, yazdıqları necə işıqlıdırsa, şəxsiyyəti də o işıqdan pay alıb. Ona görə də onun yaradıcılığı təkcə ədəbi dəyəri ilə yox, həm də arxasında dayanan böyük insanlıqla yadda qalır və qalacaq.

Bu gün də görkəmli yazıçının yaradıcılığı oxucular və ədəbiyyat tədqiqatçıları tərəfindən maraqla araşdırılır. Onun əsərləri zaman keçsə də aktuallığını itirmir, yeni nəsil oxucular üçün də maraqlı və düşündürücü olaraq qalır. Şübhəsiz ki, Seyran Səxavətin bədii irsi Azərbaycan ədəbiyyatının yaddaşında uzun illər yaşayacaq və oxucuların diqqətini cəlb etməyə davam edəcək.

Bunu da qeyd edim, bəzən rəsmi adlar və titullar sənətkarın böyüklüyünü tam ifadə edə bilmir. Ola bilsin ki, tezliklə ona "Xalq yazıçısı" adı verilsin. Lakin bir həqiqət dəyişmir: oxucuların sevgisi, hörməti və etimadı hər cür rəsmi addan daha böyük dəyərdir. Bizim üçün - onun əsərlərini sevə-sevə oxuyan, bu əsərlərdə öz düşüncələrini və duyğularını tapan oxucular üçün Seyran Səxavət artıq çoxdan xalqın yazıçısıdır. Çünki həqiqi yazıçını xalqın yaddaşı və sevgisi ucaldır.

Seyran Səxavət bu il ömrünün 80-ci baharını qarşılayır. Səksən illik bir ömür - zamanın müxtəlif sınaqlarından keçmiş, həyatın acısını və sevincini yaşamış, gördüklərini və düşündüklərini sözün sehrli gücü ilə ədəbiyyata çevirə bilmiş bir yazıçı taleyi deməkdir. Bu yubiley yalnız bir yazıçının ömür yolu deyil, həm də Azərbaycan nəsrinin bir dövrünün, bir ədəbi düşüncə məktəbinin bayramıdır.

Bu əlamətdar tarixlə bağlı böyük yazıçını ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, onun qələmi hələ uzun illər yazsın, düşüncəsi yeni əsərlərlə ədəbiyyatımızı zənginləşdirsin və oxucuların qəlbində işıq yandırmağa davam etsin.

Yubileyin mübarək, USTAD!

İlhamə Nasir, yazıçı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
84
oxu.az

1Источники