Məsud Pezeşkian bildirib ki, münaqişənin sona çatması üçün İranın hüquqları tanınmalı, təzminat ödənilməli və gələcək hücumlara qarşı beynəlxalq təminatlar verilməlidir...
Poliqon xəbər verir ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian regiondakı müharibənin başa çatması üçün əsas şərtləri açıqlayıb. O bildirib ki, münaqişənin dayandırılması yalnız İranın qanuni hüquqlarının tanınması, vurulan zərərlərə görə təzminat ödənilməsi və gələcəkdə mümkün hücumların qarşısını almaq üçün möhkəm beynəlxalq təminatların verilməsi ilə mümkün ola bilər.
Pezeşkian bu fikirləri Rusiya və Pakistan rəhbərləri ilə apardığı telefon danışıqlarından sonra sosial şəbəkədə paylaşdığı açıqlamada səsləndirib. İran prezidenti qeyd edib ki, Tehran regionda sülh və sabitliyin təmin olunmasına sadiqdir.
“Rusiya və Pakistan liderləri ilə söhbət zamanı İranın regionda sülhə sadiqliyini bir daha təsdiqlədim. Sionist rejim və ABŞ-nin başladığı bu müharibənin sona çatmasının yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminatların ödənilməsi və gələcək aqressiyanın qarşısını almaq üçün qəti beynəlxalq təminatların verilməsidir”, – deyə Pezeşkian bildirib.
İran prezidenti əlavə edib ki, Tehran beynəlxalq hüquq çərçivəsində öz maraqlarını müdafiə etməkdə qərarlıdır və ölkə təhlükəsizliyinə qarşı hər hansı təhdidə adekvat cavab vermək hüququnu özündə saxlayır.
Analitiklər hesab edirlər ki, İran rəhbərliyinin bu bəyanatı regionda davam edən hərbi-siyasi gərginlik fonunda səsləndirilib və Tehran beynəlxalq ictimaiyyətdən münaqişənin diplomatik yollarla həllinə yönəlmiş daha aktiv mövqe gözləyir.
Poliqon.info