RU

İranın yeni Ali liderindən XƏBƏR YOXDUR – Dövlət televiziyasından “yaralı veteran” EYHAMI

İranın yeni Ali lideri Müctəba Xameneinin yaralandığı iddia edilir.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” və “Iranwire” nəşrləri məlumat yayıb.

İranın ləğv edilmiş Ali lideri Ayətullah Əli Xameneinin oğlu və varisi Müctəba Xamenei barəsində artıq neçə gündür ki, heç bir xəbər yoxdur.

Onun yeni “Ali rəhbər” təyin olunmasından bəri nə bir fotoşəkli, nə səs yazısı, nə də hər hansı mətni dərc olunub.

Məlumata görə, hətta ölkə prezidenti Məsud Pezeşkianın belə Müctəba Xamenei ilə heç bir təması olmayıb.

İran xalqı yeni lideri demək olar ki, tanımır. Onilliklər boyu atasının işlərini pərdəarxası idarə edən Müctəba Xameneinin səsini ölkə əhalisinin böyük hissəsi heç vaxt eşitməyib.

Hazırda onun təhlükəsizlik mülahizələrinə görə gizləndiyi ehtimal olunur. Belə ki, İsrail və ABŞ-nin hədəfində olan liderin fiziki olaraq ləğv edilməsi riski kifayət qədər yüksəkdir.

İranın dövlət televiziyasının onu “yaralı müharibə veteranı” adlandırması isə onun xəsarət aldığı barədə şübhələri artırıb.

“New York Times” nəşrinə danışan üç iranlı rəsminin sözlərinə görə, yeni Ali rəhbər ayağından ağır yaralanıb.

İsrail hərbi mənbələri isə iddia edir ki, bu hadisə fevralın 28-də baş verən ilk sarsıdıcı zərbə zamanı olub.

Həmin hücumda Müctəba Xameneinin atası, anası, oğlu və bacısı, həmçinin bir çox yüksək rütbəli hərbçi həlak olub.

Hazırda Müctəba Xameneinin harada gizləndiyi və səhhətinin dəqiq vəziyyəti məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
144
interpress.az

1Источники