RU

Azərbaycanda bəzi peşələr sıradan çıxır? Məşhurlar işini itirə bilər

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Süni İntellekt (Sİ) texnologiyaları musiqi dünyasında sürətlə irəliləyir. Bu gün bir neçə saniyə içində tamamilə yeni mahnılar bəstələmək mümkündür. Mövcud texnologiya yalnız bəstələrin yaradılmasını sürətləndirmir, həm də musiqi istehsalının formasını kökündən dəyişdirir. Sİ-nin musiqi sahəsinə inteqrasiyası bəstəkarların, aranjimançıların və instrumental ifaçıların gələcəyi barədə ciddi suallar doğurur.

Bu, gələcəkdə bəstəkarlığın, aranjimançılığın və instrumental ifaçılığın aradan qalxması deməkdir?

Globalinfo.az-a danışan bəstəkar, deputat Novruzəli Aslanov deyib ki, gələcəkdə süni intellektin insan həyatına daha dərindən nüfuz edəcəyi artıq danılmaz həqiqətdir.

Onun sözlərinə görə, əslində, biz prosesin başlanğıc mərhələsini yaşayırıq:

“Bu gün gördüyümüz texnoloji yeniliklər, süni intellektin müxtəlif sahələrdə tətbiqi və onun imkanlarının sürətlə genişlənməsi gələcəyin hansı istiqamətdə inkişaf edə biləcəyinə dair ilk siqnalları verir. Artıq biz bu texnologiyanın ilkin əlamətlərini görürük”.

Bəstəkar süni intellektin bu gün artıq həyatımızın müxtəlif sahələrində istifadə olunduğunu vurğulayıb:

“O, insanların gündəlik fəaliyyətini asanlaşdırır, mürəkkəb prosesləri sürətləndirir və bir çox sahələrdə yeni imkanlar yaradır. Süni intellekt bizim üçün köməkçi rolunda çıxış edir və bəzən insanların aylarla, hətta illərlə gördüyü işi qısa müddətdə həyata keçirə bilir. Lakin bütün bunlara baxmayaraq, əsas məsələ yenə də insandan asılıdır. Çünki süni intellektin necə istifadə olunacağı və hansı istiqamətdə inkişaf edəcəyi məhz insanın qərarları ilə müəyyən olunur. Süni intellekt maraqlı bir fenomen kimi diqqət çəkir. Bu, gözlə görünməyən, lakin bizimlə ünsiyyət qura bilən bir sistemdir. Biz onu fiziki olaraq görmürük, lakin onunla danışırıq, suallar veririk və cavab alırıq. Bəzən bu ünsiyyət o qədər təbii görünür ki, insan düşünür ki, əgər bir sistem bizimlə insan kimi danışırsa, suallarımıza cavab verirsə, fikirlərimizi anlayırsa və bizimlə dialoq qurursa, onu nə dərəcədə “süni” adlandırmaq olar?”.

Novruzəli Aslanov

Novruzəli Aslanov tədbirdə qarşılaşdığı məsələ barədə də söz açıb:

“Bu günlərdə bir tədbir zamanı dostlarımızdan biri öz yazdığı şeiri təqdim etdi. Sadə bir söhbət mühitində, cəmi bir neçə dəqiqə ərzində həmin şeir süni intellekt vasitəsilə mahnıya çevrildi və bizə təqdim olundu. Bu hadisə insanlar üçün həm maraqlı, həm də düşündürücü oldu. Çünki əvvəllər belə bir proses aylarla vaxt tələb edirdi. Ənənəvi qaydada bir mahnının yaranması kifayət qədər mürəkkəb və uzun bir prosesdir. Əvvəlcə söz müəllifi şeir yazır. Daha sonra bəstəkar həmin sözlərə uyğun musiqi bəstələyir. Bəzən bəstəkar ilham gözləyir və bu proses günlərlə, hətta aylarla davam edə bilir. Sonra aranjiman hazırlanır, musiqi alətləri seçilir, studiya yazılışı həyata keçirilir və nəticədə mahnı hazır vəziyyətə gətirilir. Bu proses yalnız vaxt deyil, həm də ciddi maliyyə tələb edir. Bəzən bir mahnının tam şəkildə ərsəyə gəlməsi və efirə çıxması üçün yüzlərlə, hətta minlərlə manat vəsait sərf olunur. Əgər aranjimanda canlı alətlər istifadə olunursa, layihənin dəyəri daha da artır. Çox vaxt insanlar avtomobildə gedərkən radioda bir mahnı eşidir və sadəcə olaraq onu bəyənib-bəyənmədiyini bildirir. Lakin çox az adam düşünür ki, həmin üç-dörd dəqiqəlik mahnının arxasında böyük zəhmət, yaradıcılıq prosesi və ciddi maliyyə xərcləri dayanır”.

N.Aslanov deyib ki, süni intellekt bu sahədə tamamilə yeni bir mərhələ yaradır:

“Artıq insanlar qısa müddətdə mahnı bəstələyə, musiqi hazırlaya və müxtəlif yaradıcılıq layihələrini həyata keçirə bilirlər. Bu isə bir tərəfdən yaradıcılıq imkanlarını genişləndirir, digər tərəfdən isə bəzi peşələr üçün müəyyən risklər yaradır. Bəstəkarlar, musiqiçilər və ifaçılar üçün gələcəkdə fəaliyyət mühiti daha fərqli ola bilər. Mövzunu yalnız texnologiya prizmasından deyil, həm də fəlsəfi baxımdan düşünmək mümkündür. İnsan tarix boyu öz varlığı haqqında suallar verib ki, biz kimik, haradan və bu dünyaya hansı məqsədlə gəlmişik? Müqəddəs mənbələrdə də insanın yaradılışı haqqında mühüm fikirlər yer alır. Məsələn, Qurani-Kərimdə insanın yaradılışı və ona ruh verilməsi haqqında qeyd olunur. Bu mənbələrdə insanın xüsusi mahiyyətə malik olduğu və digər canlılardan fərqli olaraq şüur, ağıl və düşüncə qabiliyyətinə sahib olduğu vurğulanır. İnsan düşünə bilir, danışa bilir, hisslərini ifadə edir, sevə bilir, ağlaya bilir və yaradıcılıqla məşğul olur. Bu xüsusiyyətlər onu digər canlılardan fərqləndirir. Digər canlılarda isə bu xüsusiyyətlər daha çox instinkt səviyyəsində mövcuddur. Məhz buna görə insanlar tarix boyu bir sual üzərində düşünürlərki, insanın bu dünyadakı missiyası nədir? Bəlkə də elmin inkişafı və texnologiyaların yaranması həmin missiyanın bir hissəsidir. İnsan öyrəndikcə, araşdırdıqca və yeni biliklər əldə etdikcə dünyanı daha yaxşı dərk edir. Bu baxımdan süni intellektin yaranması da insan inkişafının təbii mərhələsi kimi qiymətləndirilə bilər”.

N.Aslanov süni intellektin problem yarada biləcəyini istisna etməyib:

“Burada yeni suallar meydana çıxır. Əgər süni intellekt daha da inkişaf edərsə və insan səviyyəsinə yaxınlaşarsa, gələcəkdə insanla onun münasibətləri necə olacaq? İnsan onu idarə edəcək, yoxsa əksinə, süni intellekt insan həyatında daha dominant rol oynayacaq? Bəzi alimlər hesab edirlər ki, gələcəkdə süni intellekt yalnız proqram və cihazlarda deyil, həm də canlı orqanizmlərlə inteqrasiya oluna bilər. Bu halda süni intellekt insan bədəninə yerləşdirilə və yeni imkanlara malik bir varlıq ortaya çıxa bilər. Belə bir insan bütün dilləri bilə bilər, böyük informasiya bazasına çıxış əldə edə bilər və çox geniş biliklərə sahib ola bilər. Bu, bəlkə də yeni bir “fövqəl insan” modelinin yaranmasına səbəb olar. Lakin bu proses eyni zamanda yeni problemlər də yarada bilər. Belə insanlar adi insanlardan nə ilə fərqlənəcək? Cəmiyyətdə sosial balans necə qorunacaq? Bu texnologiyalardan sui-istifadə edilməsinin qarşısı necə alınacaq? Məhz buna görə də süni intellektin inkişafı ilə yanaşı etik və hüquqi məsələlərə də ciddi diqqət yetirilməlidir. Qanunvericilik, beynəlxalq əməkdaşlıq və etik prinsiplər bu sahədə mühüm rol oynayacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
70
1
globalinfo.az

2Источники