RU

Şuşaya aparan döyüş yolu - Daxili Qoşunların tarixi missiyası

Bakı, 12 mart, AZƏRTAC

Bu foto Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilib. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Fotonun çəkilməsindən bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlanacaqdı.

AZƏRTAC xəbər verir ki, DİN-in mətbuat xidməti həmin əməliyyatla bağlı 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqlayıb.

Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib. Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başlayıb. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəliləyiblər.

Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulub və nəticədə 15 hərbi qulluqçu yaralanıb. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.

Noyabrın 9-u saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər. Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il oktyabrın 12-dək davam etdirib.

Bununla yanaşı qeyd olunub ki, Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlıları noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyət də Şuşa istiqamətindəki əməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib.

“Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfərin qazanılmasında DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər”,- deyə məlumatda vurğulanıb.

Избранный
73
17
azertag.az

10Источники