RU

Bayramda istirahətə hara getmək məsləhətdir? - Büdcəyə uyğun ünvanlar açıqlandı

11 günlük tətili şəhərin səs-küyündən uzaqda keçirmək istəyənlər regionlara üz tutmağa hazırlaşır. Lakin istirahət planı quranların ən çox düşündürən məsələ qiymətlərin hansı bölgədə daha münasib olmasıdır.

“Cənub bölgəsində...” – bunu “Yeni Sabah”a turizm eksperti Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, tətillərdə regionlara səfərlər xeyli artır:

“Uzunmüddətli tətil zamanı tələbat artdığı üçün qiymətlərdə də müəyyən artım müşahidə olunur. Məsələn, Qəbələ, Quba-Qusar istiqamətləri, eyni zamanda Bakıya nisbətən yaxın olan Şamaxı və bir qədər uzaqda yerləşən Şəki turistik baxımdan ən çox seçilən istiqamətlərdir. Cənub bölgəsi də turistlərin diqqətini cəlb edir. Xüsusilə Lənkəran və Astara istiqamətləri də bayram günlərində daha çox səfər edilən məkanlar sırasına daxildir”.

Ceyhun Aşurovun sözlərinə görə, Cənub bölgəsində qiymətlər daha münasibdir:

“Bu ərəfədə qiymətlərin artması təbiidir. Digər tərəfdən, regionda baş verən hadisələr ucbatından xaricə yollanmağı planlaşdıran bəzi insanlar daxili turizmə üstünlük verə bilərlər.

Ümumi statistikaya baxdıqda Cənub istiqamətində – Lənkəran və Astara bölgələrində qiymətlər Qəbələ, Şamaxı, Quba və Qusar kimi məşhur turizm məkanları ilə müqayisədə təxminən 20 faiz daha aşağı olur”.

Ekspert qeyd edib ki, bu il Gəncə istiqamətində də sərfəli seçimlər var:

“Gəncə, Goranboy və Naftalan bölgələrində fəaliyyət göstərən otellər digər regionlarla müqayisədə daha endirimli qiymətlər təklif edir. Hətta bayram günləri olmasına baxmayaraq, əvvəlki mövsümlərlə müqayisədə burada qiymət artımı o qədər də ciddi hiss olunmur. Son dövrlərdə Gəncə-Qazax zonasına turist marağının artmasının səbəblərindən biri də nəqliyyat imkanlarının rahat olmasıdır. Xüsusilə sürətli qatarın fəaliyyət göstərməsi və yolun əlverişli olması bu bölgəni daha cəlbedici edir. Bundan əlavə, burada həm otellərin, həm də restoran və digər iaşə obyektlərinin qiymətləri digər regionlarla müqayisədə daha münasibdir”.

Ekspertin vurğulayıb ki, azbüdcəli ailələr üçün kənd evləri və villalar daha sərfəli ola bilər:

“İstirahət etmək istəyən və büdcəsinə qənaət etməyə çalışan insanlar təkcə otellərdə qalmağa üstünlük vermirlər. Regionlarda kənd evləri, villalar və A-frame tipli evlər də kirayə götürülür. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, məsələn, bir ailə oteldə qalmaq istədikdə çox vaxt iki otaq götürməli olur. Lakin regionlarda bir ev, kənd evi və ya villa kirayə götürməklə daha geniş və rahat şəraitdə qalmaq mümkündür. Bu isə qiymət baxımından da daha sərfəli hesab olunur”.

Xatırlatma: Nazirlər Kabinetinin qərarına əsasən, Novruz və Fitr bayramlarının tarixləri üst-üstə düşdüyü üçün mart ayında ümumilikdə 11 gün qeyri-iş günü olacaq.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Избранный
73
yenisabah.az

1Источники