İtaliyanın müdafiə naziri Quido Krosetto İraqın Ərbil şəhərindəki İtaliya bazasına zərbə endirildiyini, lakin heç bir hərbçinin xəsarət almadığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
"Ərbildəki bazamıza raket dəyib. İtaliyalı personal arasında itki və ya xəsarət alan olmayıb. Hamı təhlükəsizdir", - məlumatda deyilir.
Xarici işlər naziri Antonio Tayani bildirib ki, baza digər ölkələrə məxsus bazaları əhatə edən bir kompleksdə yerləşir.
"Biz onun italyanlara, yoxsa bütün strukturlara yönəldiyini bilmirik", - deyə o bildirib.
O əlavə edib ki, raketin İran ərazisindən, yoxsa İraqda fəaliyyət göstərən İranyönlü qruplardan atıldığı bəlli deyil.
Daha sonra ANSA müvafiq mənbələrə istinadən bazanın raketlə deyil, PUA ilə vurulduğunu və çox güman ki, qəza olduğunu açıqlayıb.
Əvvəllər bildirilirdi ki, Yaxın Şərqdə müxtəlif missiyalar üçün təxminən 2000 italyan əsgəri yerləşdirilib. Təxminən 1000 nəfər BMT-nin Livandakı Müvəqqəti Qüvvələrini (UNIFIL) təşkil edir.
Musavat.com