Bakı, 12 mart, AZƏRTAC
Bakı Humanitar Forumunda keçmiş dövlət və siyasi xadimlərin bir araya toplanaraq beynəlxalq aləmdə baş verən hadisə və proseləri müzakirə etməsi çox yaxşı nəticələrə səbəb olur. Bu forumda iştirak edənlər öz fikirlərini paylaşır, xalqlar və dövlətlər arasında körpü rolunu oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı UNESCO İnklyuziv və Davamlı Şəhətlər Beynəlxalq Koalisiyasının (İCCAR) sədri Benedetto Zacchiroli deyib.
Onun sözlərinə görə, bu forumun keçirilməsi səmərəli və faydalıdır.
“Bu gün dünya nizamı təhlükə qarşısındadır. Gələcək haqqında düşünməyin və əməli addımların atılmasının vaxtıdır. Yeni dünya qaydaları haqqında düşünmək, problemlərin həllini tapmaq lazımdır ki, problemlər daha da gərgin xarakter almasın. Azərbaycan kiçik dövlət olmasına baxmayaraq qlobal problemlərin həllində böyük rol oynayır. Bu forumun keçirilməsi ilə Azərbaycan dünyada hamını narahat edən məsələlərin müzakirəsinə və həll yollarının tapılmasına imkan yaradır. Azərbaycan bu platformanı yaratmaqla körpü rolunu üzərinə götürür və əlaqələrin inkişafına dəstək verir. Burada iştirak edən keçmiş dövlət və siyasi xadimlər səslənən fikirləri öz ölkələrində paylaşacaq və aydın olacaq ki, dünya xalqları təkliklə deyil birlikdə sülh, sabitlik arzulayırlar. Azərbaycan bu birliyin yaranmasında iştirak edir”, - deyə Benedetto Zacchiroli sözlərinə əlavə edib.
Foto: Tofiq Babayev
Video: Vüsal Tağıyev