RU

Tonlarla içməli su küçəyə axır - Zaur Mikayılovun "taxta çiv" əməliyyatı davam edir

Suyun hər damlasının qızıl qiymətində olduğu bir dövrdə Abşeron rayonunun Saray qəsəbəsində baş verənlər ciddi narazılıq doğurur...

Sakinlər Bizimesr.com-a bildirib ki, artıq aylardır içməli su küçəyə axır, lakin məsələ ilə bağlı aidiyyəti qurumların reaksiyası görünmür. Söhbət Saray qəsəbəsində Mikayıl Müşfiq və Məhəmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yaranmış problemdən gedir.

Sakinlərin bildirdiyinə görə, içməli su xəttində yaranan nasazlıq səbəbindən su bu ilin noyabr ayından etibarən fasiləsiz şəkildə küçəyə axır və kanalizasiyaya qarışaraq itkiyə gedir.

Bu məsələ ilə bağlı dəfələrlə müraciətlər edilsə də, sakinlərin iddiasına görə, problemə ciddi yanaşan yoxdur. Halbuki həm dünyada, həm də Azərbaycanda içməli su ehtiyatlarının qorunması strateji məsələ hesab olunur. Belə bir vaxtda tonlarla işməli suyun aylarla küçəyə axması və buna reaksiya verilməməsi ciddi suallar yaradır.

Sakinlərin sözlərinə görə, problem müvəqqəti şəkildə çox primitiv üsulla - boruya taxta çiv vurmaqla “həll edilir”. Yəni su xəttində yaranan nasazlıq müasir texniki üsullarla aradan qaldırılmaq əvəzinə köhnə və qeyri-peşəkar üsullarla ört-basdır edilir. Nəticədə isə bir neçə gün sonra problem yenidən təkrarlanır və içməli su yenidən küçəyə axmağa başlayır.

Bu vəziyyət isə birbaşa olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinə dair ciddi tənqidlərə səbəb olur. Qurumun rəhbəri Zaur Mikayılov son illər daha çox qohumlarını müxtəlif vəzifələrə təyin etməsi ilə gündəmə gəlib. Lakin görünən odur ki, əsas problemlərin həlli arxa planda qalır.

Sakinlər suyun aylarla küçəyə axmasının qarşısının alınmamasını məsuliyyətsizlik kimi qiymətləndirirlər. Onların sözlərinə görə, belə problemlər inkişaf etmiş ölkələrdə saatlar ərzində aradan qaldırıldığı halda, burada aylarla davam edir.

Ortaya isə sadə bir sual çıxır: 2026-cı ildə su xəttində yaranan nasazlığı taxta çivlə “təmir etmək” hansı idarəetmənin göstəricisidir?

İçməli su ehtiyatlarının getdikcə azaldığı, iqlim dəyişikliklərinin su qıtlığını daha da dərinləşdirdiyi bir dövrdə bu cür laqeyd yanaşma qəbulolunan deyil. Dövlət qurumlarının əsas vəzifəsi problemləri gizlətmək və ya müvəqqəti üsullarla ört-basdır etmək yox, onları köklü şəkildə həll etməkdir.

Poliqon.info

Избранный
73
poliqon.info

1Источники