Avropa İttifaqının əsas prinsipləri – sülh, rifah və demokratik dəyərlər hazırda müxtəlif təhdidlər altındadır.
“İki sahil” xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunun “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusundakı paneldə çıxışı zamanı deyib.
Şarl Mişel vurğulayıb ki, Ukraynadakı müharibə, Yaxın Şərqdəki gərginlik, Avropadakı rəqabət və investisiya çağırışları ilə yanaşı, beynəlxalq hüquq normalarına ehtiram məsələsi də ciddi sınaqla üz-üzədir.
Sabiq Prezident bildirib ki, Avropa İttifaqı daxilində və xaricində ikili standartlara meyil beynəlxalq hüquq və seçki sisteminə zərər verən ciddi problemdir. Mişel qeyd edib ki, bu vəziyyətdə Avropa İttifaqı səviyyəsində alternativ strategiyalar hazırlanmalı, iqtisadi əsaslar gücləndirilməli, tənzimləmə daha ağıllı şəkildə həyata keçirilməli, təhlükəsizlik və müdafiə sahəsində bacarıqlar artırılmalı və etibarlı tərəfdaşlıqlar yaradılmalıdır.
O, həmçinin Avropa ölkələrinin Rusiyanın fosil yanacaqlarına və Çinin tədarük zəncirlərinə asılılığının artıq keçmişdə qaldığını, strateji tərəfdaşlıqların diversifikasiyasının vacib olduğunu vurğulayıb.
Şarl Mişel Avropa üçün gələcək yol xəritəsinin aydın olmasının vacibliyini qeyd edib.