RU

Tehrana nüvə zərbəsi ehtimalı: “Bu, Yaxın Şərq üçün fəlakət olar”

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İsrailin İrana qarşı nüvə silahı tətbiq edəcəyi ilə bağlı səslənən ehtimallar daha çox psixoloji təzyiq və hədə-qorxu xarakteri daşıyır.

Bunu Bakupost.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert, konfliktoloq Azər Hüseynov İsrailin İrana nüvə zərbəsi endirə biləcəyi barədə yayılan iddiaları şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, İsrailin İrana qarşı nüvə silahından istifadə etməsi təkcə iki dövlət arasında hərbi qarşıdurmanın genişlənməsi demək olmayacaq.

“Bu, bütövlükdə Yaxın Şərq regionu üçün çox ciddi humanitar, ekoloji və siyasi nəticələr doğura bilər. Nüvə silahının tətbiqi regionda milyonlarla insanın həyatına təsir göstərəcək, uzunmüddətli radiasiya və ekoloji fəsadlara səbəb olacaq”.

Azər Hüseynov qeyd edib ki, belə bir addım beynəlxalq hüquq və təhlükəsizlik sisteminə də ağır zərbə vurmuş olar.

“Yaxın Şərqdə nüvə silahının istifadəsi mövcud beynəlxalq təhlükəsizlik sisteminin faktiki iflası kimi qiymətləndirilə bilər”.

Ekspert hesab edir ki, İsrailin Tehrana qarşı nüvə zərbəsi endirə biləcəyi ilə bağlı səslənən hədələr əslində ABŞ və Təl-Əvivin İrana qarşı apardığı hərbi-siyasi təzyiq strategiyasının gözlənilən nəticəni verməməsi ilə bağlıdır.

“Uzun illərdir tətbiq olunan sanksiyalar, kəşfiyyat əməliyyatları və regional hərbi təzyiqlər İran dövlət sisteminin çökməsinə gətirib çıxarmayıb. Əksinə, mövcud vəziyyət müəyyən mənada ölkə daxilində siyasi konsolidasiyaya səbəb olub. Eyni zamanda bəzi regional və beynəlxalq aktorların İran daxilindəki etnik qruplardan, xüsusilə də kürdlərdən istifadə etmək cəhdləri də gözlənilən nəticəni verməyib”.

Onun sözlərinə görə, İsrailin belə bir addım atacağı təqdirdə ABŞ-la münasibətlər məsələsi də ayrıca müzakirə mövzusu olacaq.

“İsrailin təhlükəsizlik strategiyası ənənəvi olaraq ABŞ ilə sıx koordinasiya əsasında formalaşıb”.

Qeyd edək ki, Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor mətbuata açıqlamasında İsrailin yaxın vaxtlarda İrana nüvə silahı ilə zərbə endirə biləcəyi ehtimalını irəli sürüb.

O bildirib ki, Britaniya və Fransa kimi ölkələr ABŞ-la məsləhətləşmədən nüvə silahından istifadə etməz. Lakin nüvə silahına sahib olduğunu rəsmi şəkildə etiraf etməyən İsraildə vəziyyət fərqli ola bilər.

Makqreqor hesab edir ki, İsrail ABŞ-ın birbaşa təsdiqi olmadan da belə bir addıma gedə bilər və Vaşinqton bu ehtimalı nəzərdən qaçırmamalıdır.

Rüfət Sultan, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
www.bakupost.az

1Источники