RU

Bakıda saxlanılan özbək "həkim" əslində müğənni imiş... - FOTO

Xəbər verdiyimiz kimi, son günlər Bakıda "əl enerjisi" ilə insanları müalicə etdiyini iddia edən özbəkistanlı təbib-ekstrasens İqbol Soliyevin fəaliyyəti geniş müzakirələrə səbəb olub. 

Milli.Az xəbər verir ki, məlumata görə, Soliyev qəbul zamanı xəstələrdən təxminən 60 manat ödəniş alırmış. O, xəstələri dərman və tibbi avadanlıq olmadan, yalnız əl hərəkətləri ilə müalicə etdiyini iddia edib. 

Araşdırmalara görə, tam adı İqbalcan Soliyev (Iqboljon Soliyev Valijonoviç) olan Soliyev 1972-ci ildə Özbəkistanda doğulub və hazırda Fərqanə vilayətinin Kokand şəhəri yaxınlığında yerləşən Mingtut kəndində yaşayır. O, 2020-ci ildə Özbəkistanda xalq təbabəti fəaliyyəti üzrə qeydiyyatdan keçib. Lakin sertifikatının müddəti 2024-cü ildə bitsə də, fəaliyyətini yeniləmədən davam etdirdiyi üçün 2025-ci ildə 7,5 milyon som (təxminən 1050 manat) cərimələnib və daha sonra 10 gün müddətinə inzibati həbs cəzası alıb.

Soliyev sosial şəbəkələrdə yayılan videolardan sonra geniş tanınmağa başlayıb. Həmin videolarda onun yeriyə bilməyən və ya müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları əl hərəkətləri ilə sağaltdığı iddia olunurdu. Bu görüntülər qısa müddətdə yayılaraq minlərlə insanın diqqətini çəkib və Kokand şəhərində onun qəbuluna gələnlərin uzun növbələri yaranıb. Hətta bəzi xəstələrin qonşu Qırğızıstan və Tacikistandan gəldiyi bildirilir.

Onun "müalicə seansları" adətən üç gün davam edir. Bir seansın qiyməti təxminən 100 min özbək somu (təxminən 14 manat) təşkil edir. Beləliklə, üç günlük müalicə üçün xəstələr orta hesabla 300 min som (təxminən 42 manat) ödəyirlər. Soliyev isə 7 yaşdan kiçik uşaqları və 70 yaşdan yuxarı şəxsləri pulsuz qəbul etdiyini bildirib.

Maraqlı məqamlardan biri də odur ki, Soliyev gənclik illərində musiqi ilə məşğul olub və toy məclislərində müğənni kimi çıxış edib. Özbəkistan mediasının yazdığına görə, o, sonradan müğənnilikdən uzaqlaşaraq xalq təbabəti ilə məşğul olmağa başlayıb.

Hazırda Soliyevin Bakıda fəaliyyəti ilə bağlı araşdırma davam edir. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
92
milli.az

1Источники