RU

İranın səfiri Rusiyadan göndərilən humanitar yardıma dəstəyə görə Azərbaycana təşəkkür edib

İranın səfiri Müctəba Dəmirçilu Rusiyadan göndərilən humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib.

Azreform.info xəbər verir ki, səfir Lənkəran hava Limanında jurnalistlərə açıqlamasında Rusiya tərəfindən İrana göndərilən humanitar yardımı Lənkəran aeroportunda qarşıladığını deyib.

"Bu təşəbbüsə görə Rüsiya dövləti və xalqına, eyni zamanda yaradılan şəraitə görə isə Azərbaycan hökuməti və xalqına minnətdarlığımı bildirirəm".

O xatırladıb ki, ötən günlərdə Azərbaycan da birinci humanitar yardımını İrana yola salmışdı:

"Bu bizim ortaq, müştərək mədəniyyətimizdən gəlir ki, bizlər dar günlərimizdə bir-birimizə kömək edirik. Mən bir daha fürsətdən istifadə edib həm Azərbaycan hökumətinə, həm də xalqına həmrəyliyə görə, humanitar yardıma görə təşəkkürlərimi ifadə edirəm".

Rusiyanın verdiyi məlumata görə, İrana 13 tondan çox humanitar yük - dərman və tibbi ləvazimatlar göndərilir.

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərib. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Избранный
61
7
azreform.info

8Источники