RU

Cərimələrə “rəqəmsal nəzarət”: Yeni sistem nəyi dəyişəcək?

Azərbaycanda inzibati cərimələrin tətbiqi və həmin vəsaitlərin uçotu ilə bağlı yeni dəyişikliklər gündəmə gəlib. Son illər dövlət idarəetməsində rəqəmsallaşma prosesinin sürətləndirilməsi fonunda maliyyə axınlarının daha şəffaf və mərkəzləşdirilmiş şəkildə idarə olunması istiqamətində mühüm addımlar atılır. Bu proses çərçivəsində inzibati cərimələrin uçotu və nəzarət mexanizmlərinin də yenilənməsi nəzərdə tutulur.

Məlumata görə, “İCMAL” informasiya sistemi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi – yəni “İCMAL” altsistemi kimi yenidən təşkil ediləcək. Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların daha dəqiq təhlil olunmasına və həmin məlumatların düzgünlüyünə nəzarətin vahid dövlət maliyyə platforması üzərindən həyata keçirilməsinə imkan yaradacaq. Başqa sözlə, müxtəlif dövlət qurumları tərəfindən tətbiq edilən inzibati cərimələrə dair bütün məlumatlar vahid sistemdə toplanacaq və bu məlumatların maliyyə axını üzərində nəzarət daha şəffaf şəkildə aparılacaq.

Yeni mexanizmə görə, “İCMAL” altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə daxil olan hissəsi və ya inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar qəbul edən səlahiyyətli orqanların hesablarına köçürülən vəsaitlər barədə məlumatların təhlilini həyata keçirəcək. Eyni zamanda, həmin məlumatların düzgünlüyünün yoxlanılması və maliyyə əməliyyatlarının nəzarətdə saxlanılması da bu sistem vasitəsilə təmin olunacaq.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, inzibati cərimələrin tətbiqi və onların dövlət büdcəsinə daxil olması ilə bağlı proseslərin vahid sistemdə cəmləşdirilməsi dövlət maliyyə idarəçiliyində şəffaflığın artırılması baxımından mühüm addım hesab oluna bilər.

Onun sözlərinə görə, hazırda müxtəlif dövlət qurumları – yol polisi, vergi orqanları, bələdiyyələr və digər səlahiyyətli qurumlar tərəfindən tətbiq edilən cərimələr müxtəlif informasiya bazalarında qeydiyyata alınır:

“Yeni sistem həmin məlumatların vahid platformada toplanmasına və daha effektiv şəkildə təhlil olunmasına imkan yaradacaq. Bu isə həm maliyyə nəzarətini gücləndirəcək, həm də inzibati cərimələr üzrə daxilolmaların düzgün uçotunun aparılmasına şərait yaradacaq. Bu dəyişikliklərin digər mühüm tərəfi cərimə mexanizmlərinin daha şəffaf və izlənilə bilən formaya keçməsidir. Vahid sistem vasitəsilə dövlət qurumlarının tətbiq etdiyi cərimələrin büdcəyə daxil olub-olmaması, həmin vəsaitlərin hansı istiqamətlər üzrə bölüşdürülməsi və digər maliyyə əməliyyatları daha aydın şəkildə izlənilə biləcək”.

Ekspert hesab edir ki, belə bir sistem korrupsiya və maliyyə pozuntuları risklərini də müəyyən qədər azalda bilər:

“Çünki bütün əməliyyatlar elektron platforma üzərindən qeydə alınacaq və hər bir cərimə üzrə məlumatlar avtomatik şəkildə sistemdə əks olunacaq.

Rəqəmsal dövlət maliyyəsi platformasının genişləndirilməsi gələcəkdə digər sahələrdə də oxşar mexanizmlərin tətbiqinə gətirib çıxara bilər. Dövlət idarəetməsində rəqəmsallaşmanın əsas məqsədlərindən biri maliyyə proseslərini daha şəffaf və nəzarət edilə bilən hala gətirməkdir. Yeni sistem vətəndaşlar üçün də müəyyən üstünlüklər yarada bilər. Belə ki, cərimələr və onların ödənişi ilə bağlı məlumatların vahid platformada əks olunması vətəndaşların öz öhdəliklərini daha rahat izləməsinə imkan verəcək”.

Tunar
NOCOMMENT.az

Избранный
33
nocomment.az

1Источники