RU

Kəndin adı niyə gülüş doğurur?

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda bəzi kənd adları var ki, onları ilk dəfə eşidən adam istər-istəməz təəccüblənir, bəzən isə gülümsəyir. Halbuki həmin adlar həmin kənddə yaşayan insanlar üçün illərdir adi və gündəlik bir ifadədir. Amma kənardan baxanda bəzən qəribə, bəzən də gülüş doğuran səslənir.

Son günlər kənd adları yenidən gündəmə gəlib. Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Quba rayonunda yerləşən üç yaşayış məntəqəsinin adının dəyişdirilməsi müzakirə olunub. Müzakirələrin nəticəsində Vladimirovka kəndinin adının Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması barədə qərar qəbul edilib və məsələ Milli Məclisin plenar iclasına təqdim olunub.

Bu cür dəyişikliklər ilk dəfə deyil. Azərbaycanda sovet dövründə verilmiş və ya xarici mənşəli olan bir çox kənd adları son illər tədricən dəyişdirilir. Məqsəd həm milli toponimiyanı qorumaq, həm də yer adlarını tarixi və mədəni köklərlə uyğunlaşdırmaqdır. Amma kənd adları mövzusu təkcə tarix və siyasətlə bağlı deyil. Bu mövzunun bir də sosial tərəfi var. Azərbaycanda elə kənd adları var ki, onları eşidən bəzi insanlar təəccüblə soruşur ki, “doğrudan belə kənd var?” Bəzən isə həmin kəndlərin sakinləri başqa yerdə özlərini təqdim edərkən kəndlərinin adını deməyə çəkinir. Çünki adın yaratdığı ilk reaksiyanın gülüş olacağından ehtiyat edirlər.

Əslində bir çox belə adların arxasında maraqlı tarix dayanır. Bəzi kənd adları qədim tayfa adlarından, bəziləri coğrafi xüsusiyyətlərdən, bəziləri isə yerli dialekt sözlərindən yaranıb. Zaman keçdikcə həmin sözlərin mənası dəyişib və ya unudulub. Nəticədə bu gün həmin adlar insanlara qəribə və ya gülməli səslənə bilir.

Digər tərəfdən, bir kəndin adı onun sakinləri üçün sadəcə bir söz deyil. O ad insanların kimliyinin, doğulduğu yerin və xatirələrinin bir hissəsidir. Ona görə də bəzi hallarda kənd adlarının dəyişdirilməsi bəziləri tərəfindən müsbət qarşılanırsa, bəziləri üçün nostalji hisslər də yaradır.

Yer adları cəmiyyətin tarixinin canlı izləridir. Hər bir ad keçmişdən gələn bir məlumat daşıyır bəzən bir tayfanın izini, bəzən bir coğrafi xüsusiyyəti, bəzən də bir dövrün ideologiyasını. Bəlkə də buna görə kənd adları ətrafında müzakirələr heç vaxt bitmir. Bir tərəf deyir ki, adlar müasir və milli ruhda olmalıdır. Digər tərəf isə hesab edir ki, tarix necədirsə, elə də qalmalıdır.

Amma bir həqiqət dəyişmir ki, kəndin adı nə olursa-olsun, o kəndi tanıdan ən əsas şey yenə də orada yaşayan insanlardır. Çünki bəzən xəritədə gülüş doğuran bir adın arxasında çox sadə, çox səmimi və çox real bir həyat dayanır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
84
icma.az

1Источники