RU

Azər Allahverənov miqrasiya mövzusunda məruzə ilə çıxış edib

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən “Miqrasiya məktəbi – 8” layihəsi çərçivəsində təşkil olunan təlimdə “Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda mühazirə ilə çıxış edib.

Millət vəkili Azər Allahverənov Azərbaycan Respublikasında tarixən geniş vüsət alan miqrasiya prosesləri barədə danışıb. Bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistanın ölkəmizə qarşı başlatdığı təcavüzkar siyasət yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. Həmin zamanlar Azərbaycanda humanitar böhranın baş verməsi bu sahədə ixtisaslaşan vətəndaş cəmiyyəti institutlarının formalaşması ilə nəticələnib.

Qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarının təmin olunması, yaşayış yerinin yaxşılaşdırılması, hüquqi, sosial, tibbi, məşğulluq, təhsil və digər sahələrdə problemlərinin həll edilməsi istiqamətində dərhal fəaliyyətə başlayan ictimai təşkilatlar ümummilli səviyyədə çox mühüm vəzifələrin icrasına başlayıblar.

Azər Allahverənov bildirib ki, həmin dövrdən etibarən böyük bir inkişaf yolu keçməklə zəngin təcrübə qazanan vətəndaş cəmiyyəti institutları bu gün miqrasiya proseslərinin idarə olunmasında mühüm rola malikdirlər. Dövlətlə miqrant qruplarını qəbul edən cəmiyyət arasında vasitəçi rolunu oynayan bu təsisatların fəaliyyəti miqrasiya siyasətinin daha çevik, humanist və səmərəli şəkildə həyata keçirilməsinə töhfə verir.

Vurğulanıb ki, miqrant maraqlarının qorunması, bu kateqoriyadan olan şəxslərin yerli cəmiyyətə hərtərəfli inteqrasiya olunması, ehtiyacı olan miqrantlara humanitar yardımların göstərilməsi, bütövlükdə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak, bu sahədə monitorinqlərin aparılması və ictimai rəyin formalaşdırılması vətəndaş cəmiyyəti institutlarının fəaliyyət göstərdiyi istiqamətlərdir.

Sonda qeyd edib ki, vətəndaş cəmiyyəti institutları miqrasiya proseslərinin idarə olunması sisteminin mühüm elementlərindən biridir. Onlar dövlət fəaliyyətini tamamlayır, miqrantların hüquqlarının qorunmasına, onların cəmiyyətə inteqrasiyasına və balanslaşdırılmış miqrasiya siyasətinin formalaşmasına töhfə verir.

A.Allahverənov qeyd edib ki, rəhbərlik etdiyi “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin fəaliyyətinə nəzər salarkən miqrasiya sahəsində ixtisaslaşmış Azərbaycan qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini həm milli, həm də beynəlxalq müstəvidə uğurla davam etdirirlər. Yerli tərəfdaşlarla sıx əməkdaşlıq edən həmin təşkilatlar Qlobal Cənub Platforması, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Platforması və digər beynəlxalq koalisiyaların işində fəal iştirak edir, bütün müstəvilərdə Azərbaycanın milli maraqlarını layiqincə müdafiə edirlər.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
icma.az

1Источники