RU

“Turan Tovuz”u el-obadan ayrı salan səhv... – tovuzlular narazıdı, Ehtiram bəy!

Xəbər verdiyimiz kimi, “Turan Tovuz”un Misli premyer-lqiasının 25-ci tur matçını Tovuz şəhər stadionunda keçirmək arzusu ürəyində qaldı. Buna təbii ot örtüyünü matçın keçiriləcəyi günə - martın 21-nə qədər hazır vəziyyətə gətirməyin mümkünsüzlüyü səbəb oldu. Halbuki “bozqurd” həmin vaxt doğma meydana qayıtsa, Novruz bayramını qeyd edən tovuzluların sevincinə sevinc qatacaqdı. Alınmadı. Bu azmış kimi, ev oyunlarını “Azərsun Arena”da keçirən komanda bu stadionun da təmirə bağlanmasına görə Sumqayıta – Mehdi Hüseynzadə adına şəhər stadionuna “köçdü”.

Əlbəttə, hadisələrin belə axarı tovuzlu tərəfdarları məyus etdi. Odu ki, klubun sosial şəbəkə hesablarında rəy yazan azarkeşlərin əksəriyyəti “Turan Tovuz”u qınadı. İşlərin sürətləndirilməsini tələb edənlər də oldu, klubun yeni ot örtüyündə ilk matçın keçirilməsi üçün tələsik davrandığını deyənlər də. İnsafən, bəzilərinin “canınız sağ olsun, təki “Turan Tovuz” avrokuboklara vəsiqə qazansın” ifadələrini işlətdiyini də vurğulamalıyıq. Ancaq əksər azarkeşlərin durumdan narazı qaldığı göz önündədi.

PFL-in saytında yer alan məlumata görə, komandanın 26-cı turdan etibarən ev oyunlarını Tovuz şəhər stadionunda keçirib-keçirməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq. Bu o deməkdi ki, işlər yolunda getsə, Tovuz camaatı komandanın 3-cü dövrədə keçirəcəyi 4 ev matçına sözün əsl mənasında evdə şahidlik edə biləcək. Təbii ki, buna qədər mövsüm ərzində Tovuzda cəmi üç premyer-liqa oyunu izləyən azarkeşlər belədə özünü xoşbəxt hiss etmir.

Görünür, klubunİdarə Heyətinin sədri Ehtiram Quliyev başda olmaqla hər kəs ot örtüyünün ən qısa müddətdə hazır vəziyyətə gətirilməsi üçün çalışmalı, Tovuz camaatının həsrətinə son qoymaq üçün canını dişinə sıxmalıdı!

KƏNAN BAHADIR

Избранный
52
1
football-plus.az

2Источники