RU

Məhkəmə hakimi adından hazırlanan saxta sənəd: keçmiş vəkillə bağlı daha bir cinayət işi başlandı

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət əvvəl vəkillik fəaliyyəti dayandırılan Cavidan Osmanlı ilə əlaqədar yenidən cinayət işi başlanıb. Budəfəki cinayət işi ona qarşı saxta sənəd hazırlama ittihamı ilə əlaqədardır.

Bizimyol.info xəbər verir ki, Cavidan Osmanlı Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Məmmədovun adından saxta sənəd hazırlamaqda ittiham olunur. Bu məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 320.1 (saxta sənəd hazırlama) maddəsi ilə cinayət işi Nərimanov Rayon Polis İdarəsində başlanıb.

Hakimin adından hazırlanmış sənəd Qaraçuxur qəsəbəsində yerləşən mənzildən çıxarılma ilə bağlı qərarın icraya yönləndirilməsi barədədir. Bu məsələ ilə əlaqədar Aygün Məhərrəmova polis idarəsinə şikayət edərək, vəkilin onu aldatdığını bildirib. Şikayətçinin sözlərinə görə, qərarın QR kodunu yoxlayanda sənədin saxta olduğu aydın olub.

Xatırladaq ki, Cavidan Osmanlının barəsində bundan əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb. O, həbs olunmasa da, istintaq altındadır. Məlumata görə, onun barəsində Pirallahı Rayon Polis İdarəsinə şikayət olunub. Şikayətçilər bildirib ki, Cavidan Osmanlı 10 nəfərə yaxın şəxsə işə bərpa ilə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini vəd edib. Bunun üçün onlardan xeyli pul alıb. Lakin vədinə əməl etməyib.

Cavidan Osmanlı haqqında cinayət işi başlanandan sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə onun vəkillik fəaliyyəti dayandırılıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
bizimyol.info

1Источники