RU

Psixoloq Vüsalə Əmiraslanova: Uşaq səhv etmədiyi halda hər şeyə görə üzr istəyirsə, özgüvənsizlik yaşayar

ain.az, Bizimyol saytına istinadən bildirir.

Böyüklər tərəfindən bizdən çox zaman üzr istənilmədi. Üzüldük “üzülmə” dedilər, ağladıq “kəs səsini”, səhv etdilər “biz böyüyük” dedilər. Böyüdük və üzr istəyə bilməyən insanlar olduq. Haqsız olarkən bir bəhanə ilə haqlının üstünə getməyi özümüzə ar bilmədik. Üzr istəmək uşağa məsuliyyət duyğusunu öyrədər.Niyə bəzi böyüklər üzr istəməyi zəiflik kimi görür?Uşağın hisslərini “ağlama”, “kəs səsini” deməklə susdurmaq hansı problemlərə səbəb ola bilər?

Psixoloq Vüsalə Əmiraslanova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əvvəlki dövrlərdəki tərbiyə üsullarında uşaqlar üzr istəməyə məcbur edilirdilər: “80-90-cı illərdə böyüyən uşaqların valideynləri, həmçinin 2000-ci illərin əvvəllərində bu tərbiyə üsulundan çox istifadə edirdilər. O zaman valideynlər tez-tez belə ifadələr işlədirdilər: “Ağlama, ayıbdır”, “Çox möhkəm səsini çıxartma”, “Hər hansı nəyəsə etiraz edəndə, səsini kəs”.

Son zamanlar valideynlər yeni nəsil uşaqlarla bu üsulu tətbiq edə bilmirlər. Bunun nəticəsində uşaqlarda bəzi problemlər yaranır: onlar duyğularını gizlədir, bəzən tamamilə duyğusuzlaşırlar və ya belə deyirlər: “İçimə atdım”, “Ürəyimdə qaldı”, “Hisslərimi ifadə edə bilmədim”. Bu vəziyyət çox vaxt uşaqlarda özgüvən problemlərinə səbəb olur, çünki uşaq bəzən aqressiyasını, hirslənməsini, kədərlənməsini və ya üzüntüsünü açıq şəkildə ifadə etməlidir. Təəssüf ki, əvvəlki dövrlərdəki tərbiyə üsullarında uşaqlar üzr istəməyə məcbur edilirdilər. Belə böyüyən uşaqlar özlərini həmişə “hər şey üçün üzr istəməyə məcbur” kimi hiss edirdilər.

Müasir dövrün uşaqlarında isə üzr istəmək qabiliyyəti azalıb. Bunun bir səbəbi həmin o tərbiyə üsulunda böyüyən valideynlərin indi öz uşaqlarına daha çox azadlıq vermək istəməsidir. Lakin bu azadlıq dırnaqarasında olur və nəticədə uşaqlar ərkəsöyün, duyğuları anlamayan və empati hissi zəif olan şəxslərə çevrilirlər”.

Vüsalə Əmiraslanova

Vüsalə Əmiraslanova vurğulayıb ki, uşaq səhv etmədiyi halda hər şeyə görə üzr istəyirsə, bu artıq özgüvənsizlik yaradır: “Əvvəlki tərbiyə üsullarına baxsaq, orada mənfi cəhətlər çox idi, amma eyni zamanda müsbət tərəfləri də vardı. Məsələn; uşaqlar böyüklərə hörmət etməyi daha çox öyrənirdilər. İndiki nəsillərdə bu xüsusiyyəti çox görmürük. Əgər biz bunun fəsadlarına baxsaq, xüsusən müasir orta nəsil nümayəndələrində özgüvənsizlik, hər adi hərəkət üçün üzr istəmək kimi hallar müşahidə olunur.

Ümumiyyətlə, övladlarımızı belə tərbiyə etməliyik ki, əgər səhvimiz varsa, üzr istəməyi öyrənsin və qarşı tərəf də bunu bilməlidir. Amma əgər uşaq səhv etmədiyi halda hər şeyə görə üzr istəyirsə, bu artıq özgüvənsizlik yaradır. Düşünürəm ki, düzgün tərbiyə üsulu tətbiq etsək, uşaqlar həm böyüklərə hörmət etməyi öyrənəcək, həm də özgüvənsiz şəxsiyyət kimi böyüməyəcəklər”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
80
bizimyol.info

1Источники