RU

Lombard sahibinin qızıllarını saxta sənədlərlə mənimsəyən qadın amnistiyaya düşdü

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Zenfira Məlikovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxs -mülki iddiaçının apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub. Sabunçu Rayon Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6, 5.2.2 və 5.3-cü bəndlərinə görə, Zenfira Məlikova azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.

 

İttihama görə, Zenfira Məlikova hüquq verən və ya vəzifədən azad edən sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, habelə özünə etibar edilmiş xeyli miqdarda özgə əmlakını saxta sənədlərdən istifadə etməklə, qulluq mövqeyindən sui-istifadə etmə yolu ilə mənimsəmə və talama əməllərini törətməkdə təqsirləndirilərək ittiham edilib.

 

Belə ki, təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdən paytaxtın Sabunçu rayonu ərazisində yerləşən, fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərən zərərçəkmiş Maya Əmirovaya (adı, soyadı şərtidir) məxsus lombardda mütəxəssis kimi çalışarkən, ona verilmiş vəzifə səlahiyyətlərindən və etimaddan sui-istifadə edib.

 

Zenfira Məlikova öz qulluq mövqeyindən istifadə edərək, hüquq verən sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb 2022–2023-cü il tarixləri ərzində müxtəlif şəxslərin adına qızıl-zinət əşyalarının guya girova qoyulduğunu göstərməklə saxta qeydiyyatlar aparıb. Təqsirləndirilən şəxs bu saxta sənədlərdən istifadə etməklə lombardın girov əməliyyatları üzrə ona etibar edilmiş pul vəsaitlərini şəxsi məqsədlərinə yönəldib.

 

Beləliklə, o, göstərilən dövrdə ümumilikdə 46 180 manat məbləğində pul vəsaitini girov əməliyyatı adı altında bilə-bilə saxta sənədlərlə rəsmiləşdirmə yolu ilə mənimsəyib.

 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 13 Mart 2026, 08:44   
Избранный
48
pravda.az

1Источники