RU

ABŞ-də sinaqoqa hücum zamanı azı 30 hüquq-mühafizə əməkdaşı xəsarət alıb

Miçiqan ştatında baş verən hücum zamanı yük maşını ilə bina vurulub, daha sonra atəş açılıb və avtomobildə partlayıcı maddələr aşkar edilib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı Oklend dairəsinin şerifi Maykl Buşarın açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ-nin Miçiqan ştatında yerləşən sinaqoqa edilən hücum zamanı azı 30 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Şerifin sözlərinə görə, xəsarət alanlar müxtəlif qurumların əməkdaşlarıdır. Onların arasında şerif idarəsinin əməkdaşları, həmçinin xüsusi təyinatlı polis bölmələrinin üzvləri də olub. Maykl Buşar qeyd edib ki, hüquq-mühafizəçilər hadisə yerinə daxil olduqdan sonra binanın içərisində yaranan tüstü səbəbindən zəhərləniblər. Yaralanan əməkdaşların hamısı xəstəxanaya çatdırılıb və hazırda tibbi nəzarət altındadır.

Məlumata görə, hadisə 12 mart tarixində Miçiqan ştatının Uest-Blumfild şəhərində baş verib. Naməlum şəxs əvvəlcə yük maşını ilə sinaqoqun binasına çırpılıb, daha sonra isə atəş açıb. Hadisədən sonra hüquq-mühafizə orqanları ərazini mühasirəyə alaraq sakinlərə təhlükəsizlik səbəbindən hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdarlıq ediblər.

Sonradan hücumda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində zərərsizləşdirilib. Hadisə yerində aparılan ilkin araşdırmalar zamanı təcili xidmət əməkdaşları hücumda istifadə edilən yük maşınının kuzovunda xeyli miqdarda partlayıcı maddə aşkar ediblər.

ABŞ hüquq-mühafizə orqanları hazırda hadisənin motivlərini araşdırır. Rəsmi qurumlar hücumun terror aktı olub-olmadığını müəyyən etmək üçün geniş istintaq tədbirləri həyata keçirir. Hadisə ölkədə dini obyektlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Poliqon.info

Избранный
33
poliqon.info

1Источники