RU

Buraxılış imtahanı: Bilik yoxlanılır, yoxsa dözümlülük?

Bir neçə gün öncə keçirilən buraxılış imtahanından sonra müəllimlər, abituriyentlər və valideynlər arasında geniş müzakirələr başlayıb. İmtahanda iştirak edənlərin ilkin rəyləri göstərir ki, sualların bir qismi əvvəlki illərlə müqayisədə daha çətin və vaxt aparan olub. Xüsusilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə təqdim edilən tapşırıqların bir çox abituriyent üçün əlavə çətinlik yaratdığı bildirilir. Bu isə hər il təkrarlanan bir sualı yenidən gündəmə gətirir: buraxılış imtahanlarının məqsədi doğrudanmı şagirdlərin real bilik səviyyəsini ölçməkdir, yoxsa onları psixoloji və zaman təzyiqi altında sınağa çəkmək?

Abituriyentlərin bildirdiyinə görə, Azərbaycan dili fənni üzrə qrammatika suallarının səviyyəsi adi buraxılış imtahanlarından xeyli yüksək olub. Bəzi tapşırıqların isə hətta 3-cü ixtisas qrupu səviyyəsinə yaxın olduğu qeyd edilir. Halbuki buraxılış imtahanlarının əsas məqsədi orta məktəb proqramı üzrə şagirdlərin minimum bilik və bacarıqlarını qiymətləndirməkdir. Əgər suallar daha yüksək səviyyəli imtahanların məntiqinə uyğun hazırlanırsa, bu artıq qiymətləndirmə balansının pozulduğunu göstərir. Şagirdlərin böyük hissəsi eyni fikri səsləndirir: sualların məzmunu qədər, onların təqdim olunma forması da çətinlik yaradıb.

Digər ciddi problem mətnlərin həddindən artıq uzun olması ilə bağlıdır. Azərbaycan dili bölməsində təqdim olunan mətnlərin həcmcə böyük olması bir çox abituriyentin vaxt çatışmazlığı ilə üzləşməsinə səbəb olub. Bu isə imtahanın bilikdən daha çox vaxt idarəetməsi sınağına çevrildiyi təəssüratı yaradır. Nəticədə yaxşı hazırlaşmış şagird belə bəzən sadəcə vaxt çatışmadığı üçün sualları cavablandıra bilmir. Belə vəziyyətdə isə real bilik səviyyəsini ölçməkdən danışmaq çətinləşir.

Riyaziyyat fənni üzrə ümumi səviyyə bəzi müəllimlər tərəfindən “orta” kimi qiymətləndirilsə də, imtahanın son hissəsində yerləşdirilən sualların xeyli mürəkkəb olduğu bildirilir. Xüsusilə son 5–6 sualın həlli üçün daha çox vaxt tələb olunduğu vurğulanır. Bir çox abituriyent həmin sualları tamamlaya bilmədiyini deyir. Bu isə imtahanın strukturunun balanslı qurulmadığını göstərir. İmtahan suallarının çətinlik səviyyəsi tədricən artmalı və şagirdlərin biliklərini mərhələli şəkildə yoxlamalıdır. Lakin sualların böyük hissəsinin imtahanın sonuna doğru cəmləşməsi abituriyentlər üçün əlavə stress yaradır.

İngilis dili fənni üzrə sualların da əvvəlki illərlə müqayisədə bir qədər çətin olduğu bildirilir. Rus bölməsində isə maraqlı fərq müşahidə olunub: rus dili və ingilis dili sualları nisbətən asan hesab edilsə də, riyaziyyat fənni daha mürəkkəb kimi qiymətləndirilib. Bu isə eyni imtahanın müxtəlif bölmələr üzrə fərqli balansda hazırlanması ehtimalını gündəmə gətirir.

Ümumilikdə müəllimlərin və abituriyentlərin ilkin rəyləri bir məqamı açıq şəkildə göstərir: bu ilki buraxılış imtahanı ötən ilki imtahanla müqayisədə daha çətin olub. Lakin problem yalnız çətinlik səviyyəsində deyil. Əsas məsələ imtahanların məqsədi və funksiyası ilə bağlıdır. Əgər buraxılış imtahanı məktəb proqramını mənimsəmə səviyyəsini ölçmək üçündürsə, onda sualların da məhz həmin proqram çərçivəsində, balanslı və şəffaf şəkildə hazırlanması vacibdir.

Təhsil sistemində qiymətləndirmə mexanizmləri şagirdin real bilik və bacarığını üzə çıxarmalıdır, onu süni şəkildə çətin situasiyalara salmamalıdır. Əks halda imtahan bilik yarışından çox, dözümlülük və stress testi xarakteri daşıyır. Bu isə nə şagirdlərin motivasiyasına, nə də təhsil sisteminə olan etimada müsbət təsir göstərir.

Buraxılış imtahanları minlərlə gəncin gələcək təhsil yolunun ilk ciddi mərhələsidir. Buna görə də bu imtahanların hazırlanmasında yalnız akademik çətinlik deyil, ədalət, balans və pedaqoji məntiq əsas götürülməlidir. Əks halda hər il eyni müzakirələr təkrarlanacaq: imtahan çətin idi, vaxt çatmadı və nəticədə ən vacib sual yenə cavabsız qalacaq – bu imtahan həqiqətən də şagirdin bilik səviyyəsini ölçdümü?

Əli Səfərli,
NOCOMMENT.az

Избранный
33
nocomment.az

1Источники