Ötən il Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14189,5 mln. manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Sənədə əsasən, bunun 6748,5 mln. manatı bitkiçilik, 7441,0 mln. manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
Əvvəlki illə müqayisədə kənd təsərrüfatının istehsal həcmi 0,9%, o cümlədən bitkiçilik məhsulları 1,5%, heyvandarlıq məhsulları isə 0,3% artmışdır. 2025-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin ölkənin ümumi daxili məhsul istehsalında payı 5,9% olub.
2025-ci ildə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi 2024-cü illə müqayisədə 2,8% azalaraq 1587,0 min hektar, o cümlədən dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 4,2% azalaraq 978,0 min hektar təşkil etmişdir. 2024-cü illə müqayisədə buğdanın əkin sahəsi 11,4% azalaraq 484,0 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 16,4% artaraq 34,0 min hektar, dən üçün günəbaxanın əkin sahəsi 1,8% azalaraq 13,4 min hektar, pambığın əkin sahəsi 2,3% azalaraq 100,5 min hektar, tütünün əkin sahəsi 19,2% artaraq 3,1 min hektar təşkil edib.
Qeyd olunan dövr ərzində pambıq, dən üçün günəbaxan, şəkər çuğunduru, tütün, meyvə və giləmeyvə, üzüm və yaşıl çay yarpağının istehsalında artım müşahidə olunub.