Qlobal enerji bazarlarında yaranan ciddi təchizat böhranı fonunda neftin qiyməti yenidən bir barel üçün 100 dollardan yuxarı qalxıb.
Sitat.info xəbər verir ki, beynəlxalq etalon hesab olunan Brent nefti cümə axşamı günü 9 faizdən çox bahalaşıb. Treyderlər ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin enerji bazarlarında həftələrlə, hətta aylarla davam edə biləcək gərginlik yaradacağını qiymətləndirirlər.
Birja saatlarından kənar ticarətdə satılan Brent fyuçersləri GMT vaxtı ilə saat 03:00-a olan məlumata görə 101,13 dollar səviyyəsində qiymətləndirilib.
Enerji bazarlarındakı gərginlik Asiya fond birjalarına da təsir edib. Tokio, Seul və Honq-Konq birjaları da daxil olmaqla regionun əsas fond bazarları cümə günü kəskin enişlə açılıb. Bu, əvvəlki gecə ABŞ-da Wall Street birjasında qeydə alınan böyük itkilərdən sonra baş verib.
Neft qiymətlərinin son sıçrayışı İranın ali rəhbərinin Müctəba Xameneinin Hörmüz boğazının bağlı saxlanacağını bəyan etməsindən sonra baş verib. Qeyd edək ki, normal şəraitdə dünya neftinin təxminən beşdəbiri məhz bu strateji boğazdan daşınır.
İran dövlət televiziyasında oxunan bəyanatda Xamenei bu boğazda gəmiçiliyə qarşı təhdidləri “təzyiq rıçağı” kimi qiymətləndirərək bunun istifadə olunmağa davam etməli olduğunu bildirib.
ABŞ prezidenti Donald Trump isə cümə axşamı günü Truth Social platformasında paylaşım edərək bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq artan neft qiymətlərindən daha böyük əhəmiyyət kəsb edir.
Nigar,
Sitat.info