Avropa Parlamentinin bir qrup üzvü Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa Azərbaycana qarşı böhtan və nifrət ruhunda məktub ünvanlayıb.
News365.az xəbər verir ki, Qərbi Azərbaycan İcması buna etiraz əlaməti olaraq bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması, hətta ticarət əlaqələrinə başlanması, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri fonunda avropalı parlamentarilər bu yanaşma ilə Ermənistanda və ondan kənarda revanşist dairələrin dəyirmanına su tökürlər. Bu xüsusda, qondarma rejimin tör-töküntülərinə “France 24” kanalında efir verilməsi də çoxsaylı suallar doğurur. Bölgədə sülhün bərqərar olması Avropada hələ də Azərbaycana qarşı “köhnə bayatılar”dan əl çəkməyən bəzilərini, görəsən, niyə bu qədər narahat edir?!
“Qarabağdan könüllü getmiş ermənilərin qayıdışından dəm vuran avropalı parlamentarilərin biz qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu danmasını, insan haqları, humanitar problemlərə etnik və dini təəssübkeşlik prizmasından baxmasını şiddətlə qınayırıq”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.