RU

Antonio Koştanın səfəri Azərbaycan Aİ münasibətlərinin iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını göstərdi ŞƏRH

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 mart, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri həm regionda hökm sürən gərgin vəziyyət, həm Ermənistanla sülh prosesi, həm də ümumi mənada bir çox baxımdan diqqət çəkdi. Bakı-Brüssel münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən bu mühüm siyasi hadisə regionda mürəkkəb geosiyasi proseslər baş verdiyi bir dövrdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji mahiyyətini bir daha ortaya qoydu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan son illər Avropa üçün yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından əsas tərəfdaşlardan birinə çevrilib. Üstəlik, bu detal konkret rəqəmlərdə də əks olunur.

“Prezident İlham Əliyev də mətbuata bəyanatında bu reallığı ifadə etdi. Dövlət başçısı bildirdi ki, bu ilin yanvarında ölkəmizin ticari dövriyyəsinin 50 faizi Avropa İttifaqı (Aİ) ilə bağlı olub. Prezident Avropa İttifaqını Azərbaycan üçün bir nömrəli ticari tərəfdaş adlandırıb. Bu göstərici Bakı ilə Brüssel arasında iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı maraqların güclü olduğunu göstərir. Enerji əməkdaşlığı isə bu münasibətlərin əsas sütunu olaraq qalır. Prezidentin də dediyi kimi, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Bu fakt ölkəmizin Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu təsdiqləyir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji mənbələrinin şaxələndirilməsinə çalışır. Bu kontekstdə Azərbaycan qazı strateji əhəmiyyət qazanıb. A.Koşta da enerji məsələsinə ayrıca diqqət çəkərək qeyd edib ki, Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan mühüm rol oynayır. Bu isə faktiki olaraq Azərbaycanın Avropanın enerji strategiyasının əsas elementlərindən birinə çevrildiyini göstərir”, - deyə politoloq vurğulayıb.

T.Rzayevin sözlərinə görə, Antonio Koştanın Bakıya səfəri bir daha sübut etdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri artıq təkcə diplomatik əlaqələr səviyyəsində deyil. Bu tərəfdaşlıq enerji təhlükəsizliyi, ticarət, nəqliyyat dəhlizləri və regional sabitlik kimi bir neçə strateji istiqaməti əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Mövcud geosiyasi şəraitdə isə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artır.

“Səfərin mühüm istiqamətlərindən biri də regional təhlükəsizlik məsələləri idi. Xüsusilə İranın Naxçıvana endirdiyi zərbə fonunda Bakı ilə Brüssel arasında siyasi dialoq və həmrəylik diqqət çəkdi. Aydın şəkildə hiss olunur ki, Aİ regionda gərginliyin artmasından və bunun Azərbaycana sıçramasından ciddi narahatdır. Təsadüfi deyil ki, Antonio Koşta çıxışında Naxçıvan hava limanına edilən hücumu qəti şəkildə pislədi və bu hadisənin regional sabitlik üçün ciddi təhlükə yaratdığını bildirdi. Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan gərginliyin daha da artmasında maraqlı deyil və əsas prioritet regional sabitliyin qorunmasıdır. Əslində, bu, Bakının hadisəyə emosional deyil, strateji baxışla yanaşdığını göstərir.

Bakının təmkinli mövqeyi həm də Avropa İttifaqının maraqları ilə üst-üstə düşür. Çünki Cənubi Qafqazda yeni hərbi eskalasiyanın baş verməsi həm enerji layihələrinə, həm də Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarına ciddi risk yarada bilər. Körfəz ölkələrindən sonra Azərbaycanın da prosesdən zərər görməsi dünya bazarında enerji dalğalanmalarını böhran həddinə çatdıra bilər”, - deyə politoloq əlavə edib.

O, həmçinin bildirib ki, Antonio Koştanın Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını göstərdi. Regional təhlükəsizlik məsələləri də bu tərəfdaşlığın mühüm elementinə çevrilib. Avropa İttifaqının Azərbaycana verdiyi siyasi dəstək də strateji koordinasiyanın getdikcə gücləndiyini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
3
azertag.az

4Источники