RU

Zövqün ünvanı varmı?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlər Əməkdar artist Gülüstan Əliyevanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Müğənninin bəzi mahnıları dinləyən auditoriya ilə bağlı söylədiyi sözlər bir çoxları tərəfindən tənqid edildi, bəziləri isə bu fikirlərin kontekstdən çıxarıldığını bildirdi. Əslində isə bu müzakirə bizi daha böyük bir sualın qarşısında qoyur ki, musiqi zövqünün ünvanı varmı?

Uzun illərdir cəmiyyətimizdə belə bir stereotip formalaşıb ki, guya musiqi zövqü insanın yaşadığı yerə, peşəsinə və ya sosial statusuna görə müəyyən olunur. Amma reallıq çox vaxt bunun tam əksini göstərir. Bəzən ucqar bir kənddə yaşayan, bəlkə də böyük şəhərləri heç görməyən bir insan muğamı, aşıq musiqisini, xalq mahnılarını elə incəliklə anlayır ki, onun musiqi duyumu bir çox “ziyalı” hesab edilən insanlardan daha yüksək olur.

Digər tərəfdən, yüksək təhsilli, nüfuzlu peşə sahibi olan insanların məclislərində bəzən zövq baxımından ciddi suallar doğuran musiqilər səsləndiyini də görürük. Bu isə göstərir ki, musiqi zövqü diplomla ölçülən bir anlayış deyil. Zövq nə vəzifə tanıyır, nə də sosial status.

Məsələ yalnız kimlərin hansı müğənnini dinləməsində də deyil. Problem ondan ibarətdir ki, biz çox vaxt musiqi zövqünü sosial qruplarla əlaqələndirməyə çalışırıq. Sanki kiminsə bazarda işləməsi, fiziki əməklə məşğul olması onun musiqi zövqünün də aşağı olduğu anlamına gəlir. Halbuki tarix boyu xalq musiqisinin əsas qoruyucuları elə sadə insanlar olub.

Muğamı, aşıq sənətini, xalq mahnılarını yaşadanlar akademik auditoriyalar yox, məhz xalqın içində yaşayan insanlar idi. Toylar, məclislər, kənd yığıncaqları bu musiqinin yaşadığı məkanlar olub. Bu baxımdan, “kim dinləyir?” sualı bəzən musiqinin özündən daha çox mübahisə yaradır. Bugünkü müzakirələr isə əslində başqa bir həqiqəti də üzə çıxarır ki, cəmiyyət olaraq biz hələ də zövq məsələsində bir-birimizi kateqoriyalara bölməyə meylliyik. Halbuki musiqi zövqü fərdi bir seçimdir və onu sosial statusla ölçmək nə ədalətlidir, nə də məntiqli.

Bəlkə də bu müzakirələrdən çıxmalı olan əsas nəticə budur ki, zövqün ünvanı yoxdur. O, nə şəhərlə, nə kəndlə, nə də insanın hansı işlə məşğul olması ilə müəyyən olunur. Zövq insanın iç dünyası ilə bağlıdır. Və bəzən ən saf musiqi duyumu məhz ən sadə insanların qəlbində yaşayır.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
bizimyol.info

1Источники