RU

"Azərbaycanın yanındayıq":Türkiyəli generalın Naxçıvandan verdiyi mesaj

Türkiyənin Quru Qoşunlarının rəhbəri, ordu generalı MetinTokel gözlənilmədən Naxçıvana səfər edib. 

O, səfər çərçivəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Kənan Seyidovla görüşüb.Azərbaycan Müdafiə Nazirliyinin saytında MetinTokelin bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin Azərbaycanın yanında olduğu və Şuşa Bəyannaməsinə uyğun hərbi yardım göstərməyə hazır olduğunu dediyi qeyd edilib.

Türkiyə ordu generalının Naxçıvana səfəri ötən həftə şəhərə İran ərazisindən edilən dron hücumu fonunda gerçəkləşir. Bu baxımdan, Türkiyə generalının Azərbaycana səfəri hərbi əməkdaşlıq məsələləri ilə yanaşı, həm də siyasi mesaj xarakteri daşıyır. 

Yəni rəsmi Ankara İrana Azərbaycanın tək olmadığını, onun təhlükəsizliyinin təmin edilməsinə Türkiyənin konkret hərbi və siyasi dəstək verdiyini xatırladır. Qeyd edək ki, Türkiyənin İrana qarşı bu cür xəbərdarlıq mesajları verməsi birinci dəfə deyil. 

2002-ci ildə İran hərbi təyyarələri Azərbaycanın hava məkanını ardıcıl şəkildə pozanda Türkiyə tərəfi sərt addım atmışdı. Həmin vaxt Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-15” və “F-16” təyyarələri Azərbaycan səmasında uçuşlar həyata keçirmişdi. 

Bundan sonra Azərbaycanın tək olmadığını anlayan İran tərəfi geri çəkilmiş və təxribatçı hərəkətlərini dayandırmışdı. 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqları tanımaq istəməyən rəsmi Tehran növbəti dəfə hərbi təhdidlərə əl atdı.

2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycan sərhədinə ordu yığaraq hərbi təlimlərə başlamaqla Ermənistan işğalının aradan qaldırılmasına qarşı olduğunu və Zəngəzur dəhlizinin açılmasına mane olmaq  niyyətini nümayiş etdirdi. 

Hətta 2022-ci ildə İran Zəngəzur dəhlizini özünün “qırmızı xətt”i elan etdi. Bu vaxt Türkiyə xüsusi təyinatlılarının və hərbi hava qüvvələrinin Azərbaycanla birlikdə genişmiqyaslı hərbi təlimlər keçirməsi İranı geri çəkilməyə vadar edən ciddi siqnal oldu. 

İran tərəfi Azərbaycanın yalnız olmadığını, son illər Yaxın Şərqdə və Cənubi Qafqazdakı geosiyasi proseslərdə böyük geosiyasi aktora çevrilmiş Türkiyə ilə sinxron hərəkət etdiyini yaxşı bilir. Strateji tərəfdaşlıq müstəvisindən müttəfiqlik səviyyəsinə qalxan bu münasibətlərin konkret hüquqi əsasları formalaşıb. 

Bu isə 2022-ci il iyun ayının 15-də imzalanmış Şuşa Bəyannaməsidir. Son günlər İranda bir sıra təxribatçı dairələrin Naxçıvana ərazisinə dron hücumu təşkil etməsindən sonra Türkiyə Quru Qoşunları komandanının Muxtar Respublikaya gəlməsi məhz Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərlə bağlıdır. 

Əvvəllər Naxçıvan MR-nıntəhlükəsizliyinin Türkiyə tərəfindən təminatı 1921-ci il Qars müqaviləsi ilə müəyyən edilirdi. Artıq Qars müqaviləsi ifadəsi Naxçıvan MR Konstitusiyasından çıxarıldığına görə onu Şuşa Bəyannaməsi əvəz edir. Yəni Şuşa Bəyannaməsi funksional baxımdan Qars müqaviləsi ilə eynilik təşkil edir. 

Sözügedən müttəfiqlik sənədi yalnız İrana deyil, dünyada artan münaqişələr fonunda Azərbaycana təhlükə yarada biləcək istənilən dövlətə qarşı güc mərkəzi formalaşdırır. Bu isə hazırda regional maraqların toqquşması müstəvisində Cənubi Qafqaz kimi mürəkkəb bir siyasi coğrafiyada yerləşən Azərbaycanı kənar hücumlardan müdafiə etməyə şərait yaradır. 

Azərbaycanın Ermənistanla sülh əldə etməyə yaxınlaşması məhz münaqişələrdən kənar qalmaq imkanları ilə bağlıdır. Lakin istər Yaxın və Orta Şərqdə, istərsə də Rusiya-Ukrayna cəbhəsində davam edən ağır müharibələr Azərbaycanı və Türkiyəni ciddi təhlükəsizlik  tədbirləri görməyə vadar edir.

Hər iki dövlət münaqişə zonaları ilə həmsərhəd olduğundan Bakının və Ankaranın koordinasiyalı addımlar atmaq zərurəti yaranıb. Martın 5-də Naxçıvan MR-a dron hücumu, martın 4-də və 8-də isə Türkiyə ərazisinə raket atılması bir sıra qüvvələrin münaqişənin əhatə dairəsininyayılmasında maraqlı olduğunu göstərir. 

Türkiyənin Naxçıvan MR-da hərbi baza yerləşdirəcəyinə dair sosial mediada məlumatların yayılması, bundan sonra general MetinTokelin həmin bölgəyə səfəri vəziyyətin kifayət qədər ciddi olduğunu, hər iki tərəfin ortaq tədbirlər planı üzərində iş apardığını deməyə əsas verir.  

Избранный
110
1
cebheinfo.az

2Источники