RU

“Təhlükəsizlik” adı altında hüquqların daraldılması CAVAD CAVADOV DANIŞIR

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illər dünyada artan geosiyasi gərginlik, regional müharibələr, terror təhdidləri, kiberhücumlar, qeyri-qanuni miqrasiya və daxili sabitliklə bağlı narahatlıqlar bir çox dövlətin “təhlükəsizlik” anlayışına daha geniş səlahiyyət verən əsaslandırma kimi yanaşmasına səbəb olub. Bu gün müxtəlif ölkələrdə sərhəd nəzarətinin sərtləşdirilməsi, rəqəmsal izləmənin genişləndirilməsi, etiraz aksiyalarına məhdudiyyətlərin artırılması və inzibati nəzarət vasitələrinin dərinləşdirilməsi məhz təhlükəsizliklə izah edilir.

Məsələnin hüquqi tərəfi isə bundan ibarətdir ki, beynəlxalq insan hüquqları hüququ təhlükəsizlik naminə hüquqlara müəyyən müdaxiləni prinsip etibarilə istisna etmir, lakin bunun sərt hüquqi şərtlərini müəyyən edir: qanunilik, legitim məqsəd, zərurət, proporsionallıq və məhkəmə nəzarəti. Məhz bu sərhədlər pozulduqda təhlükəsizlik siyasəti hüquqi müdafiə vasitəsi olmaqdan çıxaraq azadlıqların sistemli şəkildə daraldılması alətinə çevrilir.

Tanınmış vəkil Cavad Cavadov  Gununsesi.info-ya bildirir ki, müasir beynəlxalq münasibətlər sistemində “təhlükəsizlik” anlayışı getdikcə daha çox universal hüquqi-siyasi arqumentə çevrilir: “Dövlətlər bu anlayışa istinad edərək sərhəd nəzarətini sərtləşdirir, rəqəmsal müşahidəni genişləndirir, dinc toplaşma və ifadə azadlığına əlavə məhdudiyyətlər tətbiq edir. Problem ondadır ki, təhlükəsizlik naminə tətbiq edilən məhdudiyyətlər bir çox hallarda artıq müvəqqəti və istisna xarakterli olmur, əksinə, daimi idarəetmə mexanizminə çevrilir.

Bu isə hüquq nəzəriyyəsində ən təhlükəli dönüşlərdən biri sayılır. Çünki fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş alətlər gündəlik idarəetmənin adi hissəsinə çevrildikdə vətəndaş azadlıqları tədricən deyil, sistemli şəkildə aşınmağa başlayır. Belə durumda “təhlükəsizlik” artıq konkret təhdidə reaksiyanı deyil, geniş və elastik səlahiyyət sahəsini legitimləşdirən siyasi formul rolunu oynayır”.

Cavad Cavadov hesab edir ki, bu gün hüquqların təhlükəsizlik adı altında daraldılması xüsusilə üç sahədə- miqrasiya, rəqəmsal nəzarət və etiraz azadlığı aydın görünür. Onun sözlərinə görə, bir çox ölkələrdə miqrasiya məsələsi artıq humanitar və hüquqi problem kimi deyil, təhlükəsizlik problemi kimi təqdim olunur:

“Nəticədə sığınacaq axtaran şəxslərin hüquqi təminatları zəiflədilir, sərhəddə sürətləndirilmiş və məhdud prosedurlar tətbiq olunur, bəzi hallarda insanlar üçüncü ölkələrə yönləndirilir.

Rəqəmsal sahədə isə dövlət nəzarət imkanları genişlənir. Müşahidə kameraları, biometrik identifikasiya, telekommunikasiya məlumatlarına çıxış, süni intellekt vasitəsilə risklərin aşkarlanması kimi alətlər təhlükəsizlik məqsədi ilə əsaslandırılır. Lakin bu sahədə fundamental məsələ fərdi həyatın toxunulmazlığı ilə dövlət nəzarəti arasındakı balansın pozulmamasıdır.

Etiraz azadlığı sahəsində də eyni tendensiya görünür. Bir çox ölkələrdə dinc toplaşmalar ictimai sabitlik və təhlükəsizlik arqumenti ilə daha sərt tənzimlənir, bəzi hallarda isə təhlükəsizlik dili siyasi narazılığın idarə olunmasının hüquqi alətinə çevrilir”.

Vəkil vurğulayır ki, insan hüquqları sahəsində qəbul olunmuş fundamental yanaşmaya görə hüquqlara müdaxilə yalnız qanunla nəzərdə tutulduqda, legitim məqsəd daşıdıqda, zəruri və proporsional olduqda mümkün ola bilər: ” Yəni təhlükəsizlik dövlət üçün legitim məqsəd olsa da, hüquq və azadlıqların avtomatik olaraq geri plana keçməsi anlamına gəlmir.

Dövlət təhlükəsizlik marağına istinad edərək məhkəmə nəzarətini zəiflədə, fərdi azadlıqları formal xarakterə çevirə, ifadə və toplaşma azadlığını geniş və qeyri-müəyyən anlayışlarla boğa bilməz. Hüquqi dövlətin fərqi məhz ondadır ki, o, təhlükəsizliyi azadlıqları məhv etməklə deyil, hüquqi çərçivə daxilində təmin edir.

Bu mənada beynəlxalq hüququn tələb etdiyi əsas meyarlar dəyişməz qalır: qanunilik, zərurət, proporsionallıq, ayrı-seçkiliyin yolverilməzliyi, effektiv hüquqi müdafiə və məhkəmə nəzarəti. Təhlükəsizlik bəhanəsi ilə bu prinsiplərin aşındırılması yeni normanın yaranması yox, mövcud hüquqi standartlardan uzaqlaşma deməkdir”.

Cavad Cavadovun fikrincə, hazırkı qlobal gərginlik şəraitində əsas təhlükə təhlükəsizlik adı ilə tətbiq edilən istisna tədbirlərin normaya çevrilməsidir: “Dövlət bir dəfə əlavə səlahiyyət alır, lakin sonradan həmin səlahiyyətlər geri qaytarılmır və yeni inzibati reallıq kimi qalır. Nəticədə cəmiyyət daimi təhlükəsizlik rejimi ilə idarə olunmağa başlayır.

Bu proses zahirən tədrici görünür, lakin uzunmüddətli perspektivdə hüquqi dövlət modelini zəiflədə bilər. Çünki fövqəladə səlahiyyətlərin adiləşməsi insanın hüquq subyekti kimi statusunu zəiflədir, onu daim nəzarət və şübhə obyektinə çevirir. Məhz buna görə təhlükəsizlik siyasəti həmişə azadlıqların qorunması ilə paralel düşünülməlidir”.

Cavad Cavadov hesab edir ki, bu gün əsas hüquqi sual dövlətin təhlükəsizlik marağının olub-olmaması deyil: “Əsas məsələ ondan ibarətdir ki, harada legitim müdafiə tədbiri həyata keçirilir, harada isə təhlükəsizlik bəhanəsi ilə hüquqlar sistemli şəkildə daraldılır”.

Onun fikrincə, müasir dünyada hüququn ən böyük sınaqlarından biri məhz budur: “Əgər təhlükəsizlik adı altında azadlıqların tədricən daraldılması davam edərsə, bu, gələcəkdə beynəlxalq miqyasda yeni və təhlükəli idarəetmə modelinə çevrilə bilər. Hüququn vəzifəsi isə təhlükəsizliyi qoruyarkən azadlıqların mahiyyətini itirməməkdir”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
icma.az

1Источники