RU

Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində qeyd edib: “Bu gün toxunmaq istədiyim üçüncü mövzu isə bağlantı və nəqliyyat əlaqələridir. Görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu da insanlar, dövlətlər, iqtisadiyyatlar və təchizat zəncirləri üçün ciddi çətinliklər yaradır. Nəqliyyat və əlaqə xətləri pozulduqda beynəlxalq ictimaiyyətin bir çox üzvü çətin vəziyyətə düşür. Azərbaycanda isə biz fosil yanacaqların satışından əldə etdiyimiz gəlirlərin böyük hissəsini nəqliyyat və logistika infrastrukturunun inkişafına yatırmışıq. Bu gün Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri baxımından əvəzolunmaz tərəfdaşdır. Eyni zamanda, Orta Dəhliz və Şimal-Qərb dəhlizinin inkişafında aktiv iştirak edən və investisiya qoyan yeganə ölkədir. Azərbaycanın ərazisində bu dəhlizlər üzrə tikinti layihələri artıq tam başa çatdırılıb. Hazırda gördüyümüz iş isə mövcud dəhlizlərin ötürmə qabiliyyətini artırmaq üçün əlavə investisiyalar yatırmaqdır. Çünki Azərbaycan üzərindən tranzitə tələbat artır. Biz həm şərqdə, həm də qərbdə yerləşən bir çox ölkə üçün vacib tranzit imkanları təmin edirik”.

Müasir dünyada beynəlxalq münasibətlər sisteminin mühüm xüsusiyyətlərindən biri qlobal nəqliyyat və logistika şəbəkələrinin sürətlə inkişaf etməsidir. Dövlətlərin iqtisadi gücü və siyasi nüfuzu artıq təkcə onların təbii sərvətləri ilə deyil, həm də beynəlxalq nəqliyyat marşrutlarında oynadıqları rolla müəyyən edilir. Bu baxımdan cənab Prezident İlham Əliyev son illərdə həyata keçirdiyi strateji siyasət nəticəsində Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzlərindən birinə çevrilmişdir. Bu gün Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə etibarlı və əvəzolunmaz tərəfdaş kimi çıxış edir.

Azərbaycanın bu prosesdə mühüm mövqe qazanmasının əsas səbəblərindən biri onun əlverişli geosiyasi və coğrafi mövqeyidir. Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan tarixən böyük ticarət yollarının üzərində yerləşmişdir. Vaxtilə Böyük İpək Yolunun mühüm qovşaqlarından biri olan bu ərazi bu gün də qlobal ticarət və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynamaqdadır. Dövlətin həyata keçirdiyi məqsədyönlü iqtisadi və nəqliyyat siyasəti nəticəsində ölkə regionun ən müasir logistika və nəqliyyat infrastrukturlarından birinə sahib olmuşdur.

Qlobal ticarət əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyət kəsb edən layihələrdən biri Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsidir. Bu nəqliyyat marşrutu Hindistan və Fars körfəzi hövzəsindən başlayaraq İran və Azərbaycan vasitəsilə Rusiyaya, daha sonra isə Şimali Avropa ölkələrinə qədər uzanan geniş bir nəqliyyat xəttini əhatə edir. Dəhlizin əsas məqsədi Asiya ilə Avropa arasında yük daşımalarının daha sürətli və daha sərfəli şəkildə həyata keçirilməsini təmin etməkdir. Azərbaycanın bu layihədə iştirakı ölkənin beynəlxalq tranzit potensialını daha da artırmış, region ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə yeni imkanlar yaratmışdır.

Eyni zamanda Avropa ilə Asiya arasında ən mühüm nəqliyyat marşrutlarından biri sayılan Orta Dəhliz də Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyır. Şərq–Qərb istiqamətində fəaliyyət göstərən bu dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən başlayaraq Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə qədər uzanır. Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artmışdır. Bu marşrut yüklərin daha qısa müddətdə və təhlükəsiz şəkildə daşınmasına imkan yaradır və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir.

Şərq–Qərb nəqliyyat dəhlizinin mühüm komponentlərindən biri də Bakı–Tbilisi–Qars dəmir yolu layihəsidir. Bu strateji dəmir yolu xətti Asiya ilə Avropa arasında birbaşa dəmir yolu bağlantısı yaradaraq region ölkələrinin iqtisadi əməkdaşlığını daha da gücləndirmişdir. Layihə sayəsində yük daşımalarının müddəti əhəmiyyətli dərəcədə azalmış, logistika imkanları genişlənmişdir. Bu dəmir yolu xətti yalnız iqtisadi baxımdan deyil, həm də regionda siyasi və strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın beynəlxalq nəqliyyat sistemində rolunun artmasında müasir liman və logistika infrastrukturu da xüsusi yer tutur. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun ən böyük nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşımaların əsas qovşaqlarından biri olan bu liman Orta Dəhlizin effektiv fəaliyyətində mühüm rol oynayır. Limanın genişləndirilməsi və modernləşdirilməsi Azərbaycanın tranzit imkanlarını daha da artırmaqla yanaşı, ölkəni beynəlxalq logistika xəritəsində daha mühüm mövqeyə çıxarmışdır.

Azərbaycanın həyata keçirdiyi nəqliyyat siyasəti yalnız tranzit daşımalarının artırılmasına deyil, həm də region ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Müasir avtomobil yollarının, dəmir yolu xətlərinin və logistika mərkəzlərinin yaradılması ölkənin beynəlxalq ticarət əlaqələrini genişləndirmiş, Azərbaycanı qlobal iqtisadi sistemin mühüm iştirakçılarından birinə çevirmişdir. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi böyük nüfuz qazanmışdır.

Bütün bunlarla yanaşı, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət də ölkənin beynəlxalq əməkdaşlıq sistemində mövqeyini gücləndirmişdir. Azərbaycan müxtəlif region dövlətləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan əməkdaşlıq münasibətləri qurmuşdur. Bu siyasət regional sabitliyin möhkəmlənməsinə və iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verir.

Demək olar ki, Azərbaycan bu gün qlobal nəqliyyat və logistika sisteminin əsas iştirakçılarından biridir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında ölkəmizin rolu danılmazdır. Müasir infrastruktur layihələri, əlverişli coğrafi mövqe və uzaqgörən dövlət siyasəti nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında strateji körpüyə çevrilmişdir. Bu isə ölkəmizi beynəlxalq iqtisadi əməkdaşlıq sistemində əvəzolunmaz tərəfdaş kimi möhkəmləndirir və Azərbaycanın qlobal əhəmiyyətini daha da artırır.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Избранный
39
1
yeniazerbaycan.com

2Источники