Azərbaycanın sülh və suverenlik təcrübəsi beynəlxalq miqyasda mühüm nümunədir
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindən keçir. Dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, geosiyasi rəqabətin güclənməsi, təhlükəsizlik risklərinin artması və dövlətlər arasında etimadın azalması qlobal sabitlik üçün yeni çağırışlar yaradır. Bu proseslər beynəlxalq əməkdaşlığın və dialoq platformalarının əhəmiyyətini daha da artırır. Belə mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə qlobal problemlərin müzakirəsi və ortaq həll yollarının axtarılması xüsusi aktuallıq kəsb edir. Məhz bu baxımdan Bakıda keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq dialoqun təşviqi, müxtəlif mövqelərin yaxınlaşdırılması və fikir ayrılıqlarının aradan qaldırılması üçün mühüm platforma kimi çıxış edir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Bu geniş və nüfuzlu iştirak tərkibi forumun qlobal əhəmiyyətini bir daha təsdiqləyir və burada aparılan müzakirələrin beynəlxalq gündəliyin ən aktual məsələlərini əhatə etdiyini göstərir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Forumda çıxış edən cənab Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik və sabitlik məsələlərinin prioritetliyini xüsusi vurğulayıb. Dövlət başçısı qeyd etdi:
“Builki forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.”
Bu fikirlər hazırkı qlobal reallıqları çox dəqiq ifadə edir. Bu gün dünya müxtəlif regionlarda baş verən münaqişələr, geosiyasi qarşıdurmalar və yeni təhlükəsizlik riskləri ilə üz-üzədir. Belə bir şəraitdə dövlətlərin dayanıqlı inkişafının təmin edilməsi üçün ilk növbədə təhlükəsizlik və sabitliyin qorunması zəruri amil kimi çıxış edir.
Prezident İlham Əliyev çıxışında regional təhlükəsizlik məsələsinə də toxunaraq Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyini bir daha diqqətə çatdırdı: “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik.”
Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş siyasətini aydın şəkildə nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, təhlükəsizlik və sabitlik olmadan heç bir inkişafdan və tərəqqidən danışmaq mümkün deyil. Eyni zamanda Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə bərpa etməsi regionda yeni siyasi reallıqlar formalaşdırıb. Bu reallıqlar isə Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın təmin olunması üçün yeni imkanlar yaradır.
Ölkə Başçısı Forumda, həmçinin, Azərbaycanın son onilliklər ərzində keçdiyi mürəkkəb yolu və əldə etdiyi mühüm siyasi təcrübəni də beynəlxalq auditoriya ilə bölüşdü. Dövlət başçısı qeyd edib ki, “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi….Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.”
Bu fikirlər Azərbaycanın son 30 ildə qarşılaşdığı çətinlikləri və həmin çətinliklərin aradan qaldırılması istiqamətində həyata keçirilən ardıcıl siyasəti aydın şəkildə əks etdirir. Azərbaycan uzun illər işğal və məcburi köçkün problemi ilə üzləşmiş, bir milyondan çox insan doğma torpaqlarından didərgin düşmüşdür. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqenin nəticəsi olmuşdur.
Prezident İlham Əliyev çıxışında həmçinin, vurğulayıb ki, “Biz artıq sülhün üstünlüklərini görürük. Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir.” Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər Azərbaycanın keçdiyi yolun və əldə etdiyi təcrübənin beynəlxalq miqyasda xüsusi əhəmiyyət daşıdığını göstərir. Azərbaycan həm işğal şəraitində yaşamaq, həm öz gücü ilə ərazi bütövlüyünü bərpa etmək, həm də postmünaqişə mərhələsində sülh gündəliyini irəli aparmaq baxımından nadir və əhəmiyyətli təcrübəyə malikdir.
Bu təcrübə onu göstərir ki, güclü siyasi iradə, milli maraqlara əsaslanan strateji siyasət və beynəlxalq hüquqa hörmət istənilən mürəkkəb münaqişənin həlli üçün mühüm amillərdir. Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar isə regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün yeni imkanlar yaradır və beynəlxalq ictimaiyyət üçün də mühüm nümunə kimi çıxış edir. Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi mesajlar həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün sülhə, dialoqa və qarşılıqlı əməkdaşlığa çağırış kimi qiymətləndirilməlidir. Millət vəkili Tamam Cəfərova belə deyib.