RU

Xaricdə təhsil alan gənclərin ölkəyə qayıtması üçün stimullar artırılmalıdır

Son illər Azərbaycanlı gənclərin xaricdə təhsil almağa marağı xeyli artıb. Bu maraq həm dövlət proqramları, həm böyük universitetlərin təqaüd imkanları, həm də şəxsi vəsait hesabına xaricdə təhsil alan tələbələrin sayının artması ilə daha da güclənir.

Təhsil eksperti Məzahir Məmmədli QHT.az-a verdiyi açıqlamada bildirib ki, xaricdə təhsil almaq özü mənfi hal deyil. Onun sözlərinə görə, xaricdə oxuyan tələbələr gördükləri tədris mühitini, təhsil sistemini və əldə etdikləri imkanları bölüşməklə digər gənclərdə də xaricdə təhsil almaq həvəsi yaradırlar.

Ekspert qeyd edib ki, əsas problem xaricdə təhsil alan gənclərin bir qisminin təhsillərini başa vurduqdan sonra ölkəyə qayıtmaq istəməməsidir. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri Azərbaycanda yüksək ixtisaslı gənclər üçün kifayət qədər motivasiyaedici imkanların olmamasıdır.

M.Məmmədli vurğulayıb ki, beyin axınının qarşısını almaq üçün xüsusi dövlət təşəbbüsləri və proqramlar hazırlanmalıdır. Onun fikrincə, xaricdə təhsil alan gənclərin ölkəyə qayıdaraq yüksək əmək haqqı ilə işləmələri və qazandıqları təcrübəni bölüşmələri üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunmalıdır.

Ekspert əlavə edib ki, dövlət proqramı ilə xaricdə təhsil alan tələbələr təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq müəyyən müddət işləməli və ölkəyə fayda verməlidirlər. O hesab edir ki, bu kimi mexanizmlər həm gənclərin xaricdə təhsil almasına mane olmur, həm də onların əldə etdikləri bilik və təcrübəni Azərbaycanda tətbiq etməsinə şərait yaradır.

Zəhra Ağayeva

Избранный
31
qht.az

1Источники