RU

Serbiyada 9 il ərzində enerji sektoruna 14,4 milyard avro investisiya yatırılması planlaşdırılır

Serbiyada enerji sektoruna 2035-ci ilə qədər 14,4 milyard avro həcmində investisiya yatırılması planlaşdırılıb.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Avropanın Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüşündə bildirib.

O qeyd edib ki, kömürlə işləyən istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalının azalması səbəbindən baza enerji güclərinə investisiya qoyuluşu zəruridir:

"Buna görə də nüvə enerjisini və qaz elektrik stansiyalarını enerji balansının vacib hissəsi kimi görürük. Yaxın dövrdə kifayət qədər elektrik enerjisinin təmin edilməsi bizim ən mühüm vəzifəmizdir və bu proses bərpa olunan enerji mənbələrindən yeni güclərin dayanıqlı inteqrasiyası ilə paralel həyata keçiriləcək".

Nazir həmçinin bildirib ki, Serbiyada qaz infrastrukturunun inkişafı və modernləşdirilməsi üçün ümumi dəyəri 1,6 milyard avro olan investisiyalar nəzərdə tutulur:

"Xüsusilə qaz təchizatının diversifikasiyası və regional əlaqələrin gücləndirilməsi vacibdir. Bu baxımdan, əsasən, Rumıniya və Şimali Makedoniya ilə əməkdaşlıq nəzərdə tutulur. Bu addımlar geosiyasi gərginlik və bazarlardakı qeyri-sabitlik şəraitində təchizat təhlükəsizliyini daha da gücləndirəcək".

D.C. Handanoviç vurğulayıb ki, Serbiya onilliyin sonuna qədər elektrik enerjisinin 45 faizini bərpa olunan mənbələrdən əldə etmək məqsədinə sadiqdir.

Избранный
122
far.az

1Источники