RU

Yaxın Şərq evsiz qalıb...

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə davam edən hərbi eskalasiya nəticəsində milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

“Qafqazinfo” xəbər verir ki, bölgədə 4 milyondan çox insan münaqişələr səbəbindən didərgin düşüb.

Birləşmiş Millətlər Təşkilatının açıqlamasında bildirilib ki, son hərbi gərginliyin başlanmasından bəri Əfqanıstan, İran, Livan və Pakistanda milyonlarla insan daxili köçkünə çevrilib. Bundan əlavə, 117 min nəfər təhlükəsizlik məqsədilə başqa ölkələrə sığınmaq üçün sərhədləri keçib.

Rəsmi məlumatlara əsasən, yalnız İranda davam edən hücumlar səbəbindən təxminən 3,2 milyon nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Didərgin düşənlərin əksəriyyəti təhlükəsizlik axtarışında paytaxt Tehran və digər böyük şəhərlərdən ölkənin şimal bölgələrinə və kənd ərazilərinə üz tutub. Bu vəziyyət İranda yaşayan həssas qruplara, o cümlədən, əfqan qaçqınlara da ciddi təsir göstərir.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik münaqişənin onsuz da zəif vəziyyətdə olan mülki infrastruktura daha çox zərər vurmaq təhlükəsi barədə xəbərdarlıq edib.

Livan hökumətinin məlumatına görə, ölkədə 816 mindən çox insan evsiz qalıb.

Xüsusilə paytaxt Beyrutun cənub hissəsində böyük köç dalğası müşahidə olunur. Şəhərin sahil xətti evlərini itirən insanlar üçün müvəqqəti sığınacağa çevrilib. Bir çox ailə hücumların dayanacağını gözləyərək, sahil boyunca qurulan çadırlarda yaşayır.

Məlumata görə, İsrail Livanın cənub və şərq bölgələrini, eləcə də, paytaxtın cənub ətraflarını bombardman etməyə davam edir.

Birləşmiş Millətlər Təşkilatı isə tərəfləri mülki şəxslərin qorunmasına, humanitar yardımın çatdırılmasına maneələrin aradan qaldırılmasına və danışıqlara qayıtmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
qafqazinfo.az

1Источники