RU

Fəxriyyə İbrahimova: Riyaziyyatı yaxşı bilən şagirdlər gələcəkdə əmək bazarında daha üstün mövqedə olacaqlar

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür. Bu günün təsis edilməsi ilə bağlı qərar UNESCO Baş Assambleyası tərəfindən 2019-cu il noyabrın 26-da qəbul olunub. Builki gün “Riyaziyyat və ümid” mövzusuna həsr olunub.

Bu münasibətlə AZƏRTAC-ın əməkdaşı 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, eyni zamanda, 19 nömrəli tam orta məktəbin metodisti Fəxriyyə İbrahimova ilə söhbətləşib. Fəxriyyə xanım 40 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur. Ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Onunla müsahibəni təqdim edirik.

-Fəxriyyə xanım, riyaziyyat həqiqətən çətin fəndir, yoxsa necə? Şagirdlərin bir çoxu riyaziyyatdan qorxduğunu deyir. Sizcə, bu qorxu nədən yaranır və onu necə aradan qaldırmaq olar?

-Mən riyaziyyatı uşaqlıqdan sevdiyim üçün onu çətin deyil, əksinə, olduqca maraqlı və asan fənn hesab edirəm. Lakin cəmiyyətdə riyaziyyatın “çətin fənn” kimi qəbul olunması geniş yayılıb. Bunun səbəblərindən biri də riyaziyyatın dəqiqliyə əsaslanmasıdır. Bəzi fənlərdə müəyyən mövzuya fərqli yanaşmalar mümkündür, bəzən cavablar və şərhlər müxtəlif ola bilər. Riyaziyyatda isə əksər hallarda nəticə dəqiqdir. Məsələn, 2×3=6. Bu dəqiqlik bəzən şagirdlərə fənnin daha sərt və çətin görünməsinə səbəb olur.

Buna görə də bəzi şagirdlərdə “mən bunu heç vaxt öyrənə bilmərəm” kimi bir qorxu formalaşa bilər. Əslində isə əsas məsələ məhz bu düşüncəni dəyişməkdir. Peşəkar müəllimin vəzifəsi şagirdə “mən bunu heç vaxt öyrənə bilmərəm” fikrini deyil, “mən hələ bunu bilmirəm, amma öyrənə bilərəm” düşüncəsini aşılamaqdır. Bu yanaşma formalaşdıqda riyaziyyata münasibət də dəyişir. Bunun üçün müəllim dərs prosesində müxtəlif metodlardan istifadə etməli, mövzuları maraqlı və anlaşıqlı şəkildə təqdim etməlidir. Oyun elementləri, interaktiv fəaliyyətlər və şagirdləri düşünməyə təşviq edən üsullar dərsi daha cəlbedici edir.

-İnsanlar çox vaxt riyaziyyatı yalnız məktəb fənni kimi görür. Riyaziyyat gündəlik həyatda daha çox hansı sahələrdə istifadə olunur?

-Riyaziyyat nə bu günün, nə də dünənin fənnidir. Onun tarixi eramızdan çox-çox əvvələ gedib çıxır. Hətta Azərbaycanda Qobustan qayalarındakı rəsmlərdə belə bunun izi var: insanlar ov zamanı sayma, işarələmə və ölçmə kimi ilkin riyazi düşüncədən istifadə etmişlər. Qədim Misirdə Nil çayının daşması nəticəsində torpaq sahələri yenidən bölünərkən həndəsi fiqurların yaranması da riyaziyyatın həyatla necə sıx bağlı olduğunu göstərir. Riyaziyyat insanın düşüncə tərzini formalaşdırır. Riyazi təfəkkürü olan insanlarda tənqidi düşünmə, əsaslandırma, araşdırma, təhliletmə və problem həlletmə bacarıqları inkişaf edir. Bundan əlavə, prinsipiallıq və ədalətlilik kimi xüsusiyyətlər məhz məntiqi düşüncə ilə möhkəmlənir. Bu bacarıqlar isə demək olar ki, bütün sahələrdə lazımdır. Maliyyə sektorundan tutmuş əkinçiliyə, sürücülükdən dizayna qədər hər yerdə riyazi düşüncə insanı daha planlı və uzaqgörən edir. Riyazi savadı olan insan problemləri yalnız həll etmir, çox vaxt onları əvvəlcədən görərək qarşısını ala bilir. Təsadüfi deyil ki, XXI əsrin əsas bacarıqları sırasında ana dilində ünsiyyət və xarici dil biliklərindən sonra riyazi savadlılıq ən vacib kompetensiyalardan biri hesab olunur.

Əslində riyaziyyatın istifadə olunmadığı sahəni təsəvvür etmək çətindir. Məsələn, gündəlik həyatda bir yerə gedərkən ən qısa və ən sürətli marşrutu seçmək belə riyazi düşüncənin nəticəsidir. Bank hesablarının idarə olunması, tikinti layihələrinin hazırlanması və binaların inşası, kosmos uçuşları, hava proqnozları - bütün bunların arxasında riyazi hesablamalar dayanır. Hətta əkinçilikdə belə riyaziyyat vacibdir. Toxumların və ya meyvə ağaclarının arasındakı məsafə düzgün hesablanmasa, məhsuldarlıq azalır və keyfiyyətə nail olmaq çətinləşir. Eyni məntiq toxuculuqda, dizaynda, dərzilikdə və bir çox digər peşələrdə tətbiq olunur. İsaak Nyutonun dediyi kimi, riyaziyyatda elə bir sahə yoxdur ki, nə vaxtsa tətbiq olunmasın. Ola bilər ki, biz hansısa hesablamadan bu gün istifadə etməyək, amma dünyanın başqa bir yerində kimsə həmin riyazi ideyanı artıq tətbiq edir.

-Son illərdə şagirdlərin riyaziyyata marağında artım, yoxsa azalma müşahidə olunur?

-Şagirdlərin telefon və sosial şəbəkələrdə çox vaxt keçirməsi onların analitik düşüncə və problem həlletmə bacarıqlarına mənfi təsir göstərir. Uşaqlar özləri düşünüb tapmaqdansa, hazır cavablara daha çox üstünlük verirlər. Sürətli məlumat axınına alışan şagirdlərin uzunmüddətli diqqət tələb edən riyazi məsələlərə qarşı səbirsizlik göstərməsi müşahidə olunur. Şagirdlərin riyazi məntiqinin inkişaf etdirilməsi üçün dərslərdə daha çox real həyatla əlaqəli tapşırıqlara, oyunlaşdırmaya və tədqiqatyönümlü fəaliyyətlərə yer vermək vacibdir. Eyni zamanda, valideynlərlə əməkdaşlıq edərək uşaqların texnologiyadan istifadə vərdişlərinin daha faydalı şəkildə tənzimlənməsinə dəstək göstərmək əhəmiyyətli olar.

-Süni intellekt və texnologiyanın inkişaf etdiyi dövrdə riyaziyyatın rolu daha da artırmı?

-Bəli, riyaziyyatın əhəmiyyəti getdikcə artır və gələcəkdə onun rolu daha da böyük olacaq. Çünki süni intellektin özü məhz riyazi prinsiplərə əsaslanır. Bu texnologiyaların yaradılması və inkişaf etdirilməsi üçün riyaziyyatın müxtəlif sahələri, xüsusilə ehtimal nəzəriyyəsi, statistika və digər riyazi metodlar əsas rol oynayır. Süni intellektin daha sürətli və daha etibarlı işləməsi, verilən cavabların düzgün və dəqiq olması məhz bu riyazi yanaşmalardan asılıdır. Eyni zamanda, süni intellekt sistemlərinin necə işlədiyini anlamaq, onların fəaliyyətində yaranan mümkün səhvləri müəyyən etmək və aradan qaldırmaq riyazi bilik tələb edir. Ona görə də gələcəkdə riyaziyyatı daha dərindən öyrənmək məcburiyyətində qalacağıq ki, süni intellekti idarə edə bilək.

-Sizcə Azərbaycanda riyaziyyat sahəsində istedadlı şagirdlərin üzə çıxması üçün hansı imkanlar daha da gücləndirilməlidir?

-Hər bir riyaziyyat müəlliminin sinfində adətən riyazi qabiliyyəti ilə seçilən bir neçə şagird diqqəti cəlb edir. Biz onları nədən tanıyırıq? Onlar sürətli düşünmə qabiliyyəti, güclü məntiqi təfəkkür və yaradıcı yanaşma ilə fərqlənirlər. Belə şagirdləri vaxtında müəyyənləşdirmək və onlarla məqsədyönlü şəkildə işləmək çox vacibdir. Bu baxımdan şagirdlərə fərdi yanaşma tətbiq olunması, onlara əlavə və daha yaradıcı tapşırıqlar verilməsi mühüm rol oynayır. Məktəblərdə riyaziyyata marağı və istedadı olan şagirdlər üçün xüsusi dərnəklərin təşkili də çox faydalı ola bilər. Bu dərnəklərdə həm peşəkar, həm də şagirdləri motivasiya etməyi bacaran müəllimlərin çalışması vacibdir. Eyni zamanda, müəllimlərin texnologiyadan istifadə etməsi və şagirdlərin marağını canlı saxlaya biləcək üsullardan faydalanması böyük əhəmiyyət daşıyır. Belə şagirdlərin riyaziyyat olimpiadalarına cəlb olunması və əldə etdikləri uğurların dəyərləndirilməsi onların motivasiyasını daha da artırır. Təltif və təşviq mexanizmlərinin genişləndirilməsi şagirdlərə yeni hədəflər qoymağa və daha böyük nəticələr əldə etməyə stimul verir. Təcrübə göstərir ki, Azərbaycanda riyazi qabiliyyəti yüksək olan şagirdlər xaricdə təhsil aldıqları zaman da tez uğur qazanır və əmək bazarında özlərinə yaxşı mövqe tuturlar. Bu isə bir daha sübut edir ki, riyazi bacarıqların vaxtında aşkar olunması və inkişaf etdirilməsi gələcək uğurların əsasını qoyur.

-Riyaziyyatı yaxşı bilən şagirdlər gələcəkdə hansı perspektivli peşələrə yönələ bilər?

-Bu gün riyaziyyatın nə qədər vacib və geniş imkanlar açan fənn olduğunu həmişəkindən daha artıq görürəm. Fikrimcə, riyaziyyatı yaxşı bilən bugünkü şagirdlər gələcəkdə ən sabit və perspektivli peşələrə sahib olan insanlar sırasında olacaqlar. Çünki riyazi biliklər əmək bazarında böyük üstünlük yaradır və belə insanların işsizliklə üzləşmə ehtimalı daha az olur. Xüsusilə süni intellekt və robot texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə riyaziyyata ehtiyac olan sahələrin sayı getdikcə artır. Riyaziyyatı yaxşı bilən şagirdlər mühəndislik, informasiya texnologiyaları, proqramlaşdırma, maliyyə və bank sektoru, eləcə də müxtəlif elmi-tədqiqat sahələrində uğurla fəaliyyət göstərə bilərlər. İnşaat və texnologiya kimi sahələrdə də riyazi biliklər mühüm rol oynayır. Bu fənn həmişə prioritet sahələrdən biri olub və gələcəkdə onun rolu daha da artacaq.

Müxbir – Aysel Azadqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
2
azertag.az

3Источники