RU

Livanda təxminən bir milyon insan evlərini tərk edib

Bakı, 14 mart, AZƏRTAC

BMT-nin humanitar agentlikləri Livanda davam edən döyüşlər və sıx məskunlaşmış ərazilərə hücumlar nəticəsində insanların kütləvi şəkildə evlərini tərk etmələrinə səbəb olan məcburi köçkünlərin sayında kəskin artım qeydə alır.

AZƏRTAC Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına istinadla xəbər verir ki, 822 mindən çox livanlı rəsmi olaraq məcburi köçkün kimi qeydiyyata alınıb. Təxminən 128 min insan 600 dövlət mərkəzində sığınacaq tapıb. Sığınacaqların çoxu həddindən artıq doludur.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) Livan üzrə direktoru Matye Luçano xəbərdarlıq edib ki, ehtiyaclar humanitar yardım strukturlarının imkanlarından daha sürətli artır. Ailələr hava hücumlarından və qeyri-sabitlikdən qaçmağa davam edir. Beynəlxalq Miqrasiya Təşkilatı və tərəfdaşları ehtiyacı olanlara ərzaq, döşəklər, yorğanlar və tibbi yardım paylayır.

Sürətlə gərginləşən vəziyyət fonunda BMT-nin Baş katibi Antonio Quterreş Livana gəlib. Quterreş Livan xalqı ilə həmrəyliyini ifadə etmək üçün gəldiyini bildirib və livanlıların “bu müharibəni seçmədiklərini - onların müharibəyə cəlb edildiklərini” vurğulayıb.

BMT-nin Uşaq Fondu (UNICEF) bildirir ki, eskalasiya nəticəsində azı 91 uşaq həlak olub, daha 275 nəfər yaralanıb. Livanda 816 mindən çox məcburi köçkün arasında təxminən 286 min uşaq var.

Sığınacaqlarda həddindən artıq sıxlıq səbəbindən bir çox ailə maşınlarda və ya açıq havada gecələyir. 300-dən çox dövlət məktəbi məcburi köçkünlər üçün müvəqqəti yaşayış mərkəzlərinə çevrilib və bu da 110 mindən çox şagirdin məktəbə getmək imkanından məhrum olmasına səbəb olub.

Ölkənin cənubundakı vəziyyət son dərəcə gərgin olaraq qalır. BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) məlumatına görə, üç gün əvvəl hər iki tərəfdən baş verən intensiv raket və artilleriya zərbələrindən sonra vəziyyət bir qədər sabitləşib, lakin döyüşlər davam edir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) isə Livanda tibbi xidmətlərinə çıxışın kəskin şəkildə pisləşdiyi barədə xəbərdarlıq edir. Agentlik minlərlə hamilə qadın da daxil olmaqla 225 min insana həyati əhəmiyyətli dəstək göstərmək üçün 12 milyon dollar tələb olunduğunu bildirib.

Избранный
19
3
azertag.az

4Источники