RU

Ermənistan Azərbaycana yol təklif edir: Azərbaycan isə zəmanət istəyir

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində  Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsini mövcud infrastrukturdan istifadə edərək Kornidzor (Gornuzor)-Gorus-Yexeqnadzor (Keşişkənd)-Yerasx (Arazdəyən) marşrutu üzrə təmin etməyə hazır olduğunu deyib: 

“Bizim təklifimiz heç bir halda Vaşinqton razılaşmasınındayandırılması, gecikdirilməsinə yönəlməyib. Mən bunu rəsmən bəyan edirəm”. 

Qeyd edək ki, Nikol Paşinyan ötən ilin dekabr ayında da buna bənzər təklif irəli sürüb. Baş nazir Azərbaycanın Ermənistana tranzit daşımalara qoyulan qadağanın aradan qaldırılması, ərzaq və neft məhsullarının göndərilməsi ilə bağlı humanitar addımlarına cavab olaraq analoji qərarlar qəbul etməyə hazır olduğunu bildirmişdi. 

Söhbət Türkiyə və Azərbaycan ərazisində avtomobil yolu ilə yükdaşımaların Ermənistan ərazisi vasitəsilə daşınmasından gedir. Lakin bu təklifin arxasında Ermənistan-Türkiyə sərhədinin açılmasına nail olmaq niyyəti dayandığından Azərbaycan tərəfi buna maraq göstərmədi. 

Eyni zamanda, Azərbaycan tərəfi daha çox Zəngəzur dəhlizinin, o cümlədən dəmir yolunun açılmasında maraqlıdır. “Tramp marşrutu”nun işə düşməsindən sonra Azərbaycanın Ermənistandan keçməklə həm Naxçıvan MR ilə, həm də Türkiyə ilə daşımalar həyata keçirmək imkanı olacaq. 

Bugünlərdə Azərbaycanla İran arasında yük avtomobillərinin keçidinin qısa müddətə olsa da, bağlı qalması alternativ marşrutların tapılmasının vacibliyini gündəmə gətirdi. Martın 5-də İranın Naxçıvan MR ərazisinə dronlarla zərbə endirməsinə etiraz olaraq Azərbaycan tərəfinin yüklərin keçidini dayandırması yalnız rəsmi Tehranın müraciətindən sonra aradan qaldırıldı. 

Ancaq İranda ağır müharibə getdiyindən, bu cür fors-major hallar hər zaman təkrar oluna bilər. İlk növbədə Azərbaycana qarşı istənilən hərbi təxribat nəqliyyat-tranzit əlaqələrinin kəsilməsinə səbəb ola bilər. Digər tərəfdən, İranda müharibə davam edir və hərbi əməliyyatların nə vaxt sona çatacağı məlum deyil. 

Ona görə də İrandan keçməklə Naxçıvan MR istiqamətində yüklərin daşınması təhlükəsizlik tədbiri kimi dayandırıla bilər. Hər iki halda rəsmi Bakı Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında quru əlaqəsini təmin etmək alternativ marşrutlardan istifadə etməlidir. 

Bu baxımdan, hazırda ən çox istifadə edilən marşrut Gürcüstan-Türkiyə-Naxçıvan MR istiqamətidir. Paşinyanın açıqlamasından göründüyü kimi, rəsmi İrəvan da Azərbaycana blokada vəziyyətində olan Naxçıvanla daşımalar həyata keçirmək üçün tranzit yolu təklif edir. 

Gürcüstan -Türkiyə-Naxçıvan marşrutundan fərqli olaraq, Ermənistandan keçən yol daha qısa məsafəni əhatə edir. Həmin yol Laçından keçməklə Gorus-Keşişkənd-Arazdəyən istiqamətindən Sədərək-Naxçıvan yolu üzrə hərəkəti nəzərdə tutur. İranda baş verən müharibə fonunda Paşinyanın təklifi ehtiyat variant kimi mümkün görünür. 

Ancaq Azərbaycan vətəndaşlarının və nəqliyyat vasitələrinin təhlükəsizliyinə Ermənistan hakimiyyəti zəmanət verməlidir. Rəsmi Bakı  hər zaman Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında maneəsiz və təhlükəsiz keçid məsələsini qaldırıb.

Bu, yalnız Zəngəzur dəhlizinə aid məsələ kimi başa düşülməməlidir. Ermənistanda ictimai rəyində Azərbaycan əleyhinə düşmənçilik ritorikası aradan qalxmayıb. 

Xüsusilə də bölgədə formalaşmaqda olan sülh mühitinin pozulmasında kənar  qüvvələrin maraqlı olduğunu nəzərə alsaq, Azərbaycan vətəndaşlarına və avtomobillərinə qarşı hər cür təxribat baş verə bilər.  

Ona görə də Nikol Paşinyan hökuməti Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında marşrutun təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirməlidir. 

Müşfiq Abdulla

"Cebheinfo.az"

Açar sözlər:

Ermənistan Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
2
cebheinfo.az

3Источники