RU

Baş prokuror tələbələrə rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyasından danışıb  

Martın 13-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin tələbə və professor-müəllim heyəti üçün “Rəqəmsal dövrdə sübutetmə: Klassik qaydalar və müasir çağırışlar” mövzusunda mühazirə keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mühazirə zamanı dövlət və hüquq sistemi kontekstində sübutetmənin rolu, cəmiyyətin təkamülü fonunda sübut anlayışının hüquqi mahiyyəti barədə məlumat verilib. Eyni zamanda, cinayət-prosessual hüquqda sübutlara dair əsas nəzəriyyələr, sübutların prosessual forması və kriminalistik xüsusiyyətləri, eləcə də sübutetmənin mahiyyəti və strukturu geniş şəkildə izah olunub.

Tədbir çərçivəsində nəzəriyyə və təcrübəyə istinad edilməklə sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi mexanizmləri, onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü məsələləri vurğulanıb. Bununla yanaşı, sübutların qiymətləndirilməsinə dair xarici ölkələrin təcrübəsi və beynəlxalq məhkəmələrin presedentləri barədə də məlumat verilib.

Mühazirədə sübutetmə yükü və prosessual subyektlər, sübutetmə yükü ilə təqsirsizlik prezumpsiyası arasındakı qarşılıqlı əlaqə, buna dair beynəlxalq Konvensiyaların tələbləri, beynəlxalq təcrübə, hüquq doktrinaları da diqqətə çatdırılıb.

Baş prokuror, həmçinin rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyası, rəqəmsal sübutların xüsusiyyətləri, onların prosessual təminatları, hüquqi dövlət prinsipi ilə rəqəmsal transformasiya arasında balansın qorunması və institusional yanaşmanın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Beynəlxalq hüquqi tənzimləmə çərçivəsində, həmçinin Budapeşt Konvensiyası və Hanoy Konvensiyası kimi sənədlərin əhəmiyyətinə toxunulub, xüsusilə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə rəqəmsallaşma və rəqəmsal sübutlarla bağlı edilmiş əlavə və dəyişikliklər barədə məlumat verilib.

Sonda mövzu ətrafında dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və tələbələrlə fikir mübadiləsi aparılıb.

Избранный
19
1
azerbaijan-news.az

2Источники