Azərbaycanın əmək bazarında rəqəmsallaşma və şəffaflıq istiqamətində mühüm addım hesab olunan “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) tətbiq edilən yeni funksionallıq işəgötürənlər üçün yeni tələblər müəyyən edir. Bu yeniliyə əsasən, artıq sistemdə hər hansı ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi texniki bir zərurətə çevrilib. Əmək Məcəlləsinin 3-cü maddəsinə edilmiş müvafiq dəyişikliklərə söykənən bu qayda, ştat vahidini yalnız vəzifə adı ilə deyil, həm də konkret maaş göstəricisi ilə eyniləşdirir. Bu isə müəssisələrdə ştat cədvəllərinin daha şəffaf formalaşdırılmasına və əmək münasibətlərinin elektron platforma üzərindən vahid meyarlarla idarə olunmasına xidmət edir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, ƏMAS sistemindəki bu texniki yenilik əslində qanunvericiliyin tələblərinin icrasını qaçılmaz edir və gizli iqtisadiyyatla mübarizədə mühüm alətdir. Ekspertin fikrincə, əvvəllər bir çox işəgötürənlər ştat vahidini qeyd etsələr də, maaş hissəsini qeyri-müəyyən saxlamaqla manipulyasiya imkanlarına malik idilər, lakin yeni sistem bu boşluğu tamamilə qapadıb: “Vəzifəyə görə vahid maaş prinsipinin tətbiqi eyni vəzifədə çalışan işçilər arasında əsassız əməkhaqqı fərqlərinin qarşısını alacaq və “paket” maaş sisteminə qarşı effektiv maneə olacaq. Əgər dövlət sistemində hər bir ştat vahidinin qarşısında onun dəqiq tarifi dayanırsa, bu, həm vergi yığımına, həm də sosial sığorta haqlarının düzgün hesablanmasına birbaşa təsir göstərir”.
İqtisadçı həmçinin qeyd edib ki, bu sistem işçilərin hüquqlarının qorunması baxımından da inqilabi xarakter daşıyır. Çünki əmək müqaviləsi bağlanarkən sistem artıq daxil edilmiş ştat vahidindəki maaşdan kənar məbləğin yazılmasına icazə verməyəcək və bu da işəgötürənin işçiyə vəd etdiyi məbləğlə rəsmi qeydiyyatdakı məbləğin üst-üstə düşməsini təmin edəcək: “Bu yenilik müəssisə daxilində nizam-intizamı artıracaq və gələcəkdə əmək mübahisələrinin sayını minimuma endirəcək. Beləliklə, ƏMAS-dakı bu funksionallıq sadəcə texniki yenilənmə deyil, əmək münasibətlərinin tam leqallaşdırılmasına yönəlmiş strateji bir gedişdir”.
Aliyə,
NOCOMMENT.az