ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İranla bağlı sərt açıqlama verib. Onun sözlərinə görə, İran tam məğlub olub və razılaşma istəyir. Lakin Tramp əlavə edib ki, bu razılaşma onun qəbul edəcəyi növ razılaşma deyil:
“Saxta xəbər KİV-ləri ABŞ Silahlı Qüvvələrinin İranla necə uğurla mübarizə apardığını göstərməyə dözə bilmir. İran tam məğlub olub və razılaşma bağlamaq istəyir — amma bu, mənim razılaşacağım bir razılaşma deyil!”
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail hərbi əməliyyatlar çərçivəsində İran ərazisinə zərbələr endirərək geniş dağıntılara və insan tələfatına səbəb olub. Cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket hücumları həyata keçirib. Bu əməliyyatlar nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslərin həlak olduğu bildirilir.
Bəs Trampın “İran tam məğlub olub” iddiası nə qədər realdır? İranın cavab zərbələri bölgədəki güc balansını dəyişdirə bilərmi?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"Tramp Rusiya-Ukrayna müharibəsində də tez-tez fərqli və ziddiyyətli açıqlamalar verirdi. Bəzən Rusiyanı dəstəkləyirdi, bəzən Ukraynanı. Bəzən Putini tərifləyir, bəzən Zelenskinin hərəkətlərini tənqid edirdi.
Eyni tendensiya İran müharibəsində də müşahidə olunur. Təsəvvür edin, bir mitinqdə deyir ki, İranla məsələni həll etdik, artıq vurulası hədəf yoxdur. Amma mitinqin sonunda əlavə edir ki, hələ mübarizə davam edəcək. Faktiki olaraq Tramp hələ məqsədinə çatmayıb: İranda rejim dəyişməyib, çökməyib və Venesueladakı kimi ABŞ-a sözəbaxan olmayıb".
Politoloq qeyd edib ki, buna baxmayaraq, müəyyən məqamda Tramp müharibəni dayandırmağa məcbur ola bilər:
"Hərbi əməliyyatlar bir müddət davam edə bilər, hətta İranın sahil limanlarının da nəzarət altına alınması istənilə bilər. Amma Tramp bu ayın sonu və aprelin əvvəli üçün üç günlük səfərə hazırlaşır və səfər ərəfəsində müharibə ilə bağlı ciddi qərarlar verə bilər.
Burada maraqlı sual yaranır: İsrailin qərarı nə olacaq? Çünki İsrail hazırda iki cəbhədə döyüşür – həm İranla, həm də Livandakı Hizbullahla. Belə vəziyyətdə, ABŞ dəstəyi olmadan İsrail bu iki cəbhədə müharibəni davam etdirə biləcəkmi?
Eyni zamanda, İranın yeni ali dini liderinin Amerikadan qisas alacağını bildirməsi onu göstərir ki, İran rejimi çökməyənə qədər müharibə fasilələrlə davam edəcək. Tramp indi dayansa da, müəyyən zaman keçəcək, yeni hadisələr baş verəcək və İran yenidən zərbələr alacaq".
Xalidə Gəray
Musavat.com