Skandinaviya Sağlamlıq Mərkəzinin terapevti Olqa Çistik nahardan sonra yaranan yuxululuğun səbəblərini izah edib.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, tez həzm olunan karbohidratların çox qəbul edilməsi nahardan sonra güclü yuxululuğa səbəb ola bilər. Şirniyyat və yağlı qidaların birlikdə qəbul edilməsi isə qan şəkərinin əvvəlcə sürətlə yüksəlməsinə, daha sonra isə kəskin şəkildə azalmasına gətirib çıxarır. Bu vəziyyət yuxululuqla yanaşı zəiflik, tərləmə, əsəbilik və qəfil aclıq hissi yarada bilər.
Mütəxəssis bildirib ki, enerji səviyyəsinin qəfil düşməsinə ən çox şirin xəmir məhsulları, desertlər, ağ çörək və bulkalar, ağ düyü, kartof püresi və müxtəlif qatqılı qatıqlar səbəb olur. Belə qidalarla hazırlanan nahar qısa müddətli enerji versə də, sonradan yorğunluq yaradır.
Çistik əlavə edib ki, şəkərli içkilər də eyni təsiri göstərə bilər. Onlar qan şəkərinin sürətlə artmasına və eyni dərəcədə tez düşməsinə səbəb olur.
Həkimin sözlərinə görə, həddindən artıq yemək, tələsik qidalanma və ümumi yuxu çatışmazlığı da nahardan sonra yuxululuq hissinin yaranmasına səbəb ola bilər.
Tərcümə: Könül Oruc
E-saglam.az