RU

Beynəlxalq sistemdə təhlükəsizlik və əməkdaşlıq: Bakı Forumunun geosiyasi əhəmiyyəti

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir beynəlxalq sistem getdikcə daha mürəkkəb və qeyri-müəyyən xarakter alır. Son illərdə qlobal miqyasda artan geosiyasi rəqabət, regional münaqişələrin genişlənməsi, enerji və nəqliyyat marşrutları ətrafında yaranan strateji mübarizə göstərir ki, dünya faktiki olaraq yeni bir keçid mərhələsinə daxil olub. Bu mərhələdə əvvəlki dövrlərdə formalaşmış beynəlxalq sabitlik mexanizmləri getdikcə zəifləyir, dövlətlər isə daha praqmatik və realist təhlükəsizlik strategiyalarına üstünlük verməyə başlayırlar. Belə bir şəraitdə müxtəlif beynəlxalq dialoq platformalarının rolu daha da artır. Məhz bu kontekstdə keçirilən XIII Qlobal Bakı Forumu qlobal siyasi düşüncənin formalaşdığı platformalardan biri kimi diqqəti cəlb edir. Son illərdə Bakı tədricən beynəlxalq siyasi dialoq üçün mühüm mərkəzlərdən birinə çevrilməkdədir. Bu, təsadüfi proses deyil. Azərbaycanın həm coğrafi mövqeyi, həm də müxtəlif siyasi bloklar arasında balanslı diplomatiya yürütməsi ölkəni fərqli aktorların dialoq apara bildiyi nadir məkanlardan birinə çevirir. Düşünürəm ki, bu forumların məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinin güclənməsi ilə yanaşı, ölkənin geosiyasi rolunun artdığını da göstərir.Belə forumların əhəmiyyəti yalnız rəsmi çıxışlarla məhdudlaşmır. Əlbəttə, müxtəlif dövlətlər, siyasətçilər və ekspertlər arasında fikir mübadiləsinin aparıldığı, yeni ideyaların formalaşdığı və bəzən qeyri-rəsmi diplomatiyanın həyata keçirildiyi platforma rolunu oynayır. Xüsusilə hazırkı beynəlxalq şəraitdə böyük güclər arasında rəqabətin artdığı, regional münaqişələrin genişləndiyi bir dövrdə belə dialoq platformaları müəyyən mənada siyasi gərginliyin azaldılmasına da töhfə verə bilər. Bu baxımdan Qlobal Bakı Forumunun müzakirə gündəliyi əslində daha geniş geosiyasi reallıqların əksidir.Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışında səsləndirilən bəzi tezislər də məhz bu qlobal transformasiya kontekstində qiymətləndirilə bilər. Xüsusilə təhlükəsizlik məsələlərinin dövlət siyasətində prioritet olması barədə fikir müasir beynəlxalq münasibətlər reallıqları ilə üst-üstə düşür. Bu gün bir çox ölkələr üçün təhlükəsizlik məsələsi yalnız hərbi sahəni deyil, eyni zamanda, enerji, nəqliyyat və iqtisadi sabitlik kimi sahələri də əhatə edən kompleks anlayışa çevrilib. Hesab edirəm ki, bu yanaşma dövlətlərin təhlükəsizliyə daha geniş və sistemli baxmağa başladığını göstərir.Digər tərəfdən də müasir dövrdə beynəlxalq hüququn və beynəlxalq institutların effektivliyi ilə bağlı müzakirələr də aktuallaşır. Bir çox regional münaqişələrin uzun illər davam etməsi göstərir ki, beynəlxalq təşkilatlar bəzən real nəticə əldə etməkdə çətinlik çəkirlər.

 

Bu vəziyyət isə dövlətlərin öz təhlükəsizlik siyasətlərində daha müstəqil qərarlar qəbul etməsinə gətirib çıxarır. Bu tendensiya göstərir ki, müasir beynəlxalq sistemdə güc balansı və strateji resurslar amili yenidən ön plana çıxır. 

Dövlətlərin təhlükəsizlik siyasəti artıq yalnız klassik hərbi deterrensiya üzərində deyil, həm də enerji, logistika və iqtisadi dayanıqlılıq kimi faktorların kompleks sintezi üzərində qurulur. Belə şəraitdə regional güclərin rolunun artması və dövlətlərin öz maraqlarını daha aktiv şəkildə müdafiə etməsi beynəlxalq siyasətin əsas tendensiyalarından birinə çevrilir.Dövlətimizin başçısının Forumdakı çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsinin vurğulanması idi. Bu kontekstdə İkinci Qarabağ müharibəsi regionda geosiyasi balansın dəyişməsinə səbəb olan hadisə kimi qiymətləndirilə bilər. Münaqişənin uzun illər davam etməsindən sonra regionda yeni siyasi reallıqların formalaşması göstərir ki, bəzən münaqişələrin həlli yalnız diplomatik proseslərlə yox, həmçinin hərbi, siyasi və diplomatik faktorların birgə təsiri ilə mümkün olur. Düşünürəm ki, bu proses regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına da təsir göstərir.Digər mühüm məsələ enerji və nəqliyyat amilidir.Müasir beynəlxalq siyasətdə enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, strateji faktor kimi qəbul edilir. Enerji resurslarının tədarükündə yaranan problemlər və qiymət dalğalanmaları bir çox dövlətlərin iqtisadi sabitliyinə birbaşa təsir edir. Bu baxımdan enerji istehsalçısı və ixracatçısı olan ölkələrin rolu getdikcə artır. Azərbaycanın da bu sahədə mühüm aktorlardan biri kimi çıxış etməsi onun regional və qlobal iqtisadi sistemdəki mövqeyini gücləndirir.

 

Eyni zamanda qlobal logistika və nəqliyyat marşrutları məsələsi də yeni geosiyasi rəqabət sahələrindən birinə çevrilib. Tədarük zəncirlərində yaranan problemlər və bəzi ənənəvi marşrutların təhlükəsizlik baxımından riskli hala gəlməsi alternativ dəhlizlərin əhəmiyyətini artırır.

Bu baxımdan Azərbaycanın yerləşdiyi coğrafiya xüsusi strateji əhəmiyyət daşıyır. Ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşərək Avropa ilə Asiya arasında mühüm tranzit rolunu oynayır. Fikrimcə, bu amil Azərbaycanın yalnız enerji sahəsində deyil, həm də logistika və ticarət sahəsində regional mərkəzə çevrilməsi üçün ciddi potensial yaradır.Ümumilikdə, Qlobal Bakı Forumu kimi platformalar beynəlxalq siyasətdə yeni ideyaların müzakirə olunduğu və müxtəlif mövqelərin qarşılaşdırıldığı mühüm platformalardır. Bu forumların Bakıda keçirilməsi isə Azərbaycanın diplomatik aktivliyinin və geosiyasi rolunun artdığını göstərir. Qənaətimcə, belə platformalar təkcə müzakirə xarakteri daşımır, həm də gələcək siyasi və iqtisadi əməkdaşlıq üçün müəyyən konseptual istiqamətlər formalaşdırır. 

Nəticə etibarilə bu qənaətə gəlmək olar ki, müasir dünya siyasətində təhlükəsizlik, enerji və nəqliyyat kimi amillər getdikcə daha sıx şəkildə bir-biri ilə əlaqələnir. Bu şəraitdə regional aktorların rolu artır və dialoq platformalarının əhəmiyyəti daha da yüksəlir. Bakı forumu da məhz bu prosesin bir hissəsi kimi qlobal siyasi müzakirələrin aparıldığı və müxtəlif baxışların toqquşduğu mühüm platformalardan biri kimi çıxış edir. Sözsüz ki, belə təşəbbüslərin artan dinamikası gələcəkdə həm regional sabitliyin möhkəmlənməsinə, həm də beynəlxalq dialoqun inkişafına töhfə verə bilər. Beləliklə, Qlobal Bakı Forumu cari geosiyasi tendensiyaların analizi ilə yanaşı, eyni zamanda,  gələcək strateji planların formalaşdırılması üçün əvəzolunmaz bir forum kimi çıxış edir.Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
5
bizim.media

10Источники