RU

“Qəbələ” niyə bu günə qalıb?

“Qəbələ”nin uğursuz gedişatı davam edir. Ötən tur “Sabah”la oyundakı biabırçı nəticənin ardından “qırmızı-qaralar” dünən “Neftçi”yə də uduzdu.

Adətən komandalar böyükhesablı məğlubiyyətlərin ardından xarakter göstərir, doğma meydanda azarkeşləri önündə yaxşı nəticə qazanır. Ancaq “Qəbələ” bunu da bacarmadı. Görünür, nə məşqçilər heyəti, nə də rəhbərlik komandanı toparlaya bilmir.

I Liqadan bu mövsüm qayıdan bölgə təmsilçisi elitada möhkəmlənə bilmir. Dərin məyusluq gətirən bu reallıq “Qəbələ” rəhbərliyini bilmirik, amma ictimaiyyəti ciddi narahat edir. Çünki klubun Azərbaycan futbolunda hər zaman özünəməxsus yeri olub.

Ümumiyyətlə, klubun son dönəmlərdə ciddi idarəetmə problemi var. Bir vaxtlar çempionluğa, avrokuboklara oynayan komanda indi autsayderə çevrilib. Bəli, əyalət təmsilçisinin əvvəlki maddi imkanları yoxdur. Amma vəziyyət indiki duruma düşəcək qədər acınacaqlı da deyil.

“Qəbələ”nin yaxşı infrasturkturu, bazası və dövlətdən ayrılan vəsaitlə yanaşı, əlavə maddi dəstəyi də var. Bunlar heç kimə sirr deyil. Ancaq təəssüf ki, “qırmızı-qaralar” çempionatın “Şamaxı”sı, elitaya yeni gəlmiş “İmişli”si belə ola bilmir. Adıçəkilən klubların heç birinin büdcəsi, şəraiti “Qəbələ”dən üstün deyil. Ancaq onlar turnir cədvəlində komandadan xeyli öndədir.

Bu, birbaşa idarəçiliklə bağlı problemdir. Bölgə təmsilçisi I Liqaya yuvarlananda da bənzər problem var idi. Komanda həmin vaxt rəqabət apardığı “Kəpəz”i büdcə və şərait baxımından üstələsə də, onlara uduzdu, elitanı tərk etdi.

Klub rəhbərliyi həmin vaxt da bu uğursuzluğa məntiqli bir cavab tapa bilmədi. “Qəbələ”, başına gələn biabırçı nəticələrə “olan şeydi” baxış bucağı ilə yanaşır. Dərs çıxarılmır və ciddiyə alınmır.

Stadionun meydançasını qorumaq yaxşı işdi, amma klubu süquta aparandan sonra kimə lazımdır o qazon?

Mövsümün əvvəlində Akademiyanın fəaliyyətinə məhdudiyyət gətirildi. Maddi vəziyyətə bağlanan bu durum bir dövrün sonu oldu. Klubun ən çox təriflənən qolu – futbolçu yetişdirmək məsələsi rəsmən tarixə qovuşdu. Bu ağır qərarın ardından bütün diqqətlərin əsas komandaya yönələcəyi gözlənilirdi. Əsas komandanın da durumu göz önündədir. Qələbəyə həsrət və 11-ci pillə.

Əgər belə idisə, elə Akademiyanın fəaliyyəti normal davam etsəydi, daha məqsədəuyğun olmazdımı? Yəni 11-ci pillədə getmək üçün və ya “Karvan-Yevlax”ı üstələmək üçün əlavə dəstəyə nə ehtiyac var idi? Heç olmasa akademiyanın fəaliyyəti ilə müəyyən şeylərin üstü örtülərdi.

Əgər “Karvan-Yevlax”da vəziyyət bir az ürəkaçan olsaydı, “Qəbələ” üçün durum daha acınacaqlı olardı. Amma Yevlax klubu düzələnə oxşamır. Bu baxımdan “qırmızı-qaralar” rahat olsun.

Ola bilsin “Qəbələ” rəhbərliyi də ümidini buna bağlayıb. Çünki özlərinin vəziyyəti dəyişəcəyi inandırıcı görünmür.

İdmanxeber.az 

Избранный
5
idmanxeber.az

1Источники