RU

Qlobal Bakı Forumu beynəlxalqa sülhə təşəbbüsün bariz nümunəsidir




Müasir dövrdə beynəlxalq münasibətlər sistemi mürəkkəb və ziddiyyətli mərhələdən keçir. Qlobal miqyasda baş verən siyasi, iqtisadi və təhlükəsizlik çağırışları dövlətlər arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da vacib olduğunu göstərir. Belə bir şəraitdə beynəlxalq dialoq platformalarının rolu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın paytaxtında keçirilən və dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, nüfuzlu ekspertləri bir araya gətirən XIII Qlobal Bakı Forumu məhz bu baxımdan qlobal fikir mübadiləsi üçün mühüm platformaya çevrilmişdir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forum beynəlxalq münasibətlər sistemində yaranan yeni reallıqların müzakirəsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ortaq yanaşmaların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Tədbirin açılışında çıxış edən İlham Əliyev müasir dövrdə sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin aktuallığını vurğulayaraq Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət və təşəbbüslər barədə ətraflı məlumat vermişdir. Prezidentin çıxışı həm regional, həm də qlobal səviyyədə baş verən proseslərin mahiyyətini aydın şəkildə izah etməklə yanaşı, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığın təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirmişdir. Azərbaycan son illərdə beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınmış, müxtəlif siyasi platformalarda sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış etmişdir. Bakı şəhərinin artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi də ölkəmizin artan nüfuzunun və diplomatik fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Qlobal Bakı Forumu da bu baxımdan beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən nüfuzlu platformalardan biri kimi dünya liderlərini və ekspertləri bir araya gətirərək aktual problemlərin müzakirəsinə geniş imkan yaradır. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər müasir dünyanın qarşılaşdığı problemlərə realist yanaşma ilə yanaşı, gələcək üçün konstruktiv həll yollarının da mümkün olduğunu göstərir. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, beynəlxalq münasibətlər sistemində dialoq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq sülhün və sabitliyin təmin olunmasının əsas şərtlərindən biridir. Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi siyasət regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmişdir. Prezident çıxışında vurğulamışdır ki, Azərbaycan artıq sülh gündəliyinin real nəticələrini görməkdədir və regionda əməkdaşlıq üçün yeni imkanlar yaranır. Dövlət başçısının ifadə etdiyi kimi, biz artıq sülhün üstünlüklərini görürük və bu reallıq gələcək inkişaf üçün mühüm perspektivlər açır. Bu fikir Azərbaycanın regionda uzunmüddətli sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmiş siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Son illərdə regionda formalaşan yeni siyasi reallıqlar dövlətlər arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Azərbaycan bu prosesdə konstruktiv mövqe nümayiş etdirərək qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesajlardan biri də məhz bundan ibarət idi ki, sülh və sabitlik yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət və əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi regionda dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, müasir dünyada qarşıdurmaların və fikir ayrılıqlarının aradan qaldırılması üçün dialoq əsas vasitədir və beynəlxalq platformalar bu baxımdan mühüm rol oynayır. Qlobal Bakı Forumu kimi tədbirlər müxtəlif baxışların və mövqelərin müzakirə olunmasına, ortaq yanaşmaların formalaşdırılmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycanın belə platformalara ev sahibliyi etməsi isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının bariz göstəricisidir. Prezident İlham Əliyevin forumdakı çıxışı həm regional, həm də qlobal miqyasda sülh və əməkdaşlıq ideyalarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində konstruktiv dialoqun tərəfdarıdır və qlobal sabitliyin təmin olunmasına öz töhfəsini verməyə hazırdır. Müasir dövrdə dünya yeni çağırışlarla üz-üzə qaldığı bir vaxtda bu cür təşəbbüslər dövlətlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində keçirilən XIII Qlobal Bakı Forumu da məhz belə bir məqsədə xidmət edərək müxtəlif ölkələri və siyasi mövqeləri təmsil edən nümayəndələri ortaq müzakirə platformasında bir araya gətirmişdir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər isə Azərbaycanın sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasətinin davamlı və ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirmişdir. Bu çıxış həm regionda, həm də beynəlxalq səviyyədə yeni əməkdaşlıq imkanlarının formalaşmasına və dialoq mühitinin güclənməsinə mühüm töhfə kimi qiymətləndirilir.
Maqsud Süleymanlı
Избранный
30
newscenter.az

1Источники