RU

“W-Kracht” şirkətinin direktoru: Azərbaycanın böyük alternativ enerji istehsalı potensialı var

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycanın alternativ enerji istehsalı üzrə böyük potensialı var. Buranın iqlim şəraiti küləkdən elektrik enerjisi almağa imkan verir və biz də bu imkandan istifadə edib sərmayə yatırmağı düşünürük.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Kracht” şirkətinin direktoru Stefan Deveretti deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətin külək elektrik enerjisi istehsalı sahəsində böyük təcrübəsi var.

“Bakıda olduğumuz müddətdə bir sıra rəsmi şəxslərlə görüşmüşük və həyata keçirmək istədiyimiz layihələri hazırlayıb Azərbaycan hökumətinə təqdim etmişik. Yəqin ki müəyyən qiymətləndirmədən sonra cavab veriləcək. Energetika naziri Pərviz Şahbazov ilə görüşümüz də maraqlı oldu və biz planlarımız barəsində ətraflı məlumat verdik. Güman edirəm ki, müsbət cavab alaraq Azərbaycanda işimizi davam etdirəcəyik. Təqdim etdiyimiz layihələr 100 və 250 meqavat gücündə külək elektrik enerjisi istehsalı üçün nəzərdə tutulub. Bunun üçün stansiya ilə yanaşı enerji saxlanc anbarlarının da tikilməsi planlaşdırılıb. Biz Belçika ilə yanaşı Mərakeşdə və Afrikanın digər ölkələrində də enerji istehsalı üzrə layihələr həyata keçiririk. Azərbaycanda yaxşı investisiya mühiti yaradılıb və xarici şirkətlərin ölkədə işləməsi üçün mütərəqqi qanunlar mövcuddur ki, bunlar da ölkəyə sərmayə axınını təmin edəcək. Azərbaycan neft və təbii qazla zəngin olduğu kimi alternativ enerji mənbələri ilə də zəngin bir ölkədir”, - S.Deveretti vurğulayıb.

Избранный
13
azertag.az

1Источники